Alimlər kimyaterapiyaya qarşı müqavimətin genetik sirrini açdı

Sağlamlıq

30.03.2025 15:40

2791

Massaçusets Universitetinin Brigham filialında çalışan alimlər bəzi xərçəng növlərində kimyaterapiyaya qarşı davamlılığın necə yarandığını müəyyən ediblər. 

TodayPress xəbər verir ki, tədqiqat nəticələri “Nature” jurnalında dərc olunub.

Araşdırma oksigenin aktiv formaları vasitəsilə xərçəng hüceyrələrinin məhv edilməsinə əsaslanan mexanizmə fokuslanıb. Alimlər müəyyən ediblər ki, bu mexanizmin əsas komponentlərindən biri olan “VPS35” genindəki mutasiyalar, kimyaterapiyanın yaratdığı hüceyrə ölümünü əngəlləyə bilər. Bu da müalicəyə qarşı müqavimətə səbəb olur.

Tədqiqatın əsas müəlliflərindən biri olan Liron Bar-Peled (Massaçusets Ümumi Onkoloji Mərkəzinin Krants Ailə Xərçəng Araşdırmaları Mərkəzinin əməkdaşı) izah edir ki, oksigenin aktiv formaları sağlam və xəstə hüceyrələrdə siqnal ötürülməsində mühüm rol oynayır: 

“Oksigenin aktiv formalarının aşağı səviyyəsi hüceyrə funksiyaları üçün vacibdir, lakin yüksək səviyyədə olduqda hüceyrələrə zərər verir və xərçəng, neyrodegenerativ xəstəliklər kimi problemlərin inkişafına səbəb ola bilər”.

Alimlər oksigenin aktiv formalarına həssas olan və kimyaterapiyaya davamlılıq yarada bilən zülalları müəyyənləşdirmək üçün xərçəng hüceyrələrində geniş analizlər aparıblar. Nəticədə “VPS35” zülalı ilə əlaqəli iki mutasiya aşkar edilib. Bu mutasiyaların hüceyrələrdə oksigenin aktiv formalarının səviyyəsini azaltdığı məlum olub ki, bu da hüceyrələrin dərmana qarşı daha davamlı olmasına şərait yaradır.

Araşdırma həmçinin Massaçusets Onkoloji Mərkəzində müalicə alan 24 qadın xəstə üzərində aparılıb. Bu xəstələr yüksək dərəcəli seroz yumurtalıq xərçəngi (HGSOC) diaqnozu alıblar. Analizlər göstərib ki, şiş toxumasında “VPS35” səviyyəsi yüksək olan xəstələr müalicəyə daha yaxşı cavab verib və onların ümumi sağ qalma müddəti daha uzun olub.

Bu nəticələr gələcəkdə müalicəyə davamlı olan şişlərin daha dəqiq müəyyən olunmasına və fərdiləşdirilmiş müalicə strategiyalarının hazırlanmasına imkan yarada bilər.

Qiymət Mahir

tag: Araşdırma,Alim,Xərçəng,Kimyaterapiya,todaypress.az,