Alimlər iddiaları təkzib etdi: Beyin funksiyaları 30 yaşdan sonra da inkişaf edə bilər

Sağlamlıq

13.03.2025 17:12

2100

Beynəlxalq alimlər qrupu idrak qabiliyyətlərinin 30 yaşdan sonra azalmağa başladığına dair geniş yayılmış fikri təkzib edib. 

TodayPress xəbər verir ki, bu barədə “Science Advances” jurnalında araşdırma dərc olunub.

Tədqiqata görə, savadlılıq və riyazi bacarıqlar ən azı 40 yaşa qədər yaxşılaşır, sonra isə ya sabit qalır, ya da cüzi şəkildə azalır. Lakin bu azalma qaçılmaz deyil.

Gündəlik həyatında və işində idrak bacarıqlarından fəal istifadə edən insanlar 40 yaşdan sonra da bu qabiliyyətləri qoruyub saxlaya, hətta inkişaf etdirə bilərlər.

Tədqiqatın məqsədi idrak bacarıqlarının yaşla necə dəyişdiyini daha dəqiq anlamaq olub. Əvvəlki araşdırmalar fərqli yaş qruplarını müqayisə etdiyi üçün nəticələrə təhsil səviyyəsi və sosial şərait kimi faktorlar təsir edirdi. Yeni tədqiqat isə bu məhdudiyyətləri aradan qaldıraraq, eyni insanları zamanla izləyib.

Aparıcı müəllif, Stenford Universitetinin alimi Erik A. Xanuşek bildirib ki, idrak bacarıqları insanın gəlir səviyyəsinə və ölkələrin iqtisadi inkişafına ciddi təsir göstərir.  “İnkişaf etmiş ölkələrdə əhalinin qocalması ilə bağlı narahatlıqlar var, lakin əvvəlki tədqiqatlar metodoloji məhdudiyyətlərə malik idi. Biz fərqli yaş qruplarını deyil, zamanla eyni insanları izlədik və nəticələr gözlənilməz oldu” deyə o vurğulayıb.

Alimlər PIAAC-L (Böyüklərin Beynəlxalq Bacarıqlarının Qiymətləndirilməsi Proqramı) çərçivəsində böyük bir yetkin qrupun savadlılıq və riyazi bacarıqlarını 3,5 il arayla iki dəfə test ediblər. Nəticələrə görə, bu bacarıqlar orta hesabla 40 yaşa qədər nəzərəçarpacaq dərəcədə yaxşılaşır. Daha sonra oxu bacarıqları cüzi azalır, riyazi bacarıqlar isə bir qədər daha tez zəifləyir. Lakin gündəlik və peşə fəaliyyətində bu bacarıqlardan daim istifadə edən insanlarda heç bir azalma müşahidə olunmayıb, hətta 50 yaşdan sonra da inkişaf davam edib.

Xanuşek qeyd edib ki, idrak bacarıqlarının yaşla necə dəyişməsi insanın həyat tərzindən çox asılıdır: 

“Mütəmadi oxuyan, hesablamalar aparan, məlumatları təhlil edən insanlar beyin funksiyalarını daha uzun müddət qoruyub saxlaya bilirlər”.

Tədqiqatda təhsil səviyyəsi və peşə sahələri də nəzərdən keçirilib. Ali təhsilli insanlar və intellektual fəaliyyətlə məşğul olan peşə sahibləri, əgər bacarıqlarından mütəmadi istifadə edirdilərsə, 40 yaşdan sonra da inkişaf göstəriblər. Lakin bu sahədə çalışan, idrak bacarıqlarını az istifadə edən insanlarda belə bir inkişaf qeydə alınmayıb. Araşdırma həmçinin gender fərqlərini də üzə çıxarıb.

Qadınların idrak qabiliyyətlərində, xüsusilə də riyaziyyat sahəsində yaşla daha çox azalma müşahidə edilib. Alimlər bu fərqin yalnız bacarıqlardan istifadə tezliyi ilə izah olunmadığını və məsələnin daha dərindən araşdırılmalı olduğunu bildiriblər.

Qiymət Mahir

tag: Alimlər,Tədqiqat,Beyin,Funksiya,İnkişaf,Todaypress.az,