Alimlər arıqlama prosesində yeni mexanizm aşkar etdilər

Sağlamlıq

10.03.2025 19:39

1372

Cənubi Danimarka Universitetinin alimləri qida qəbulu azaldıqda belə, bədənin kalori yandırmasını aktiv saxlaya biləcək yeni mexanizm kəşf ediblər. 

TodayPress xəbər verir ki, araşdırmanın nəticələri “Cell Metabolism” (CM) da dərc olunub.

Araşdırmaya görə, arıqlamaq üçün kalori qəbulu azaldıldıqda, əksər insanlar əvvəlcə çəki itirsələr də, sonra maddələr mübadiləsi yavaşlayır və enerji sərfiyyatı azalır.

Bu, orqanizmin mümkün qida çatışmazlığına qarşı müdafiə mexanizmidir. Bu problem, o cümlədən “Ozempic” kimi arıqlama dərmanları qəbul edən insanlarda da müşahidə olunur. Belə ki, onlar bədən çəkilərinin 20-25%-ni itirdikdən sonra dərmanın təsiri zəifləyir. “Araşdırmalar göstərdi ki, ilk mərhələdə çəki itirmək asandır, lakin sonra orqanizm uyğunlaşır və proses yavaşlayır” deyə tədqiqatın baş müəllifi Kim Ravnskyer bildirib.

Mütəxəssislər “Plvap” geninin qaraciyər metabolizmasına təsirini araşdırarkən gözlənilməz bir kəşf ediblər. Məlum olub ki, bu gen orqanizmdə aclıq siqnalını qəbul edərək qaraciyərin şəkər yandırmadan yağ yandırmağa keçidinə kömək edir. Lakin “Plvap” geni deaktiv edildikdə, qaraciyər aclıq siqnalını qəbul etmir və maddələr mübadiləsi yüksək sürətlə davam edir. Bu mexanizm nəticəsində yağ ehtiyatları qaraciyərdə yığılmaq əvəzinə əzələlərə yönləndirilir və bu da insulinə həssaslığı artırır.

Təcrübə göstərib ki, “Plvap” geni deaktiv edilmiş siçanların qan şəkəri səviyyəsi aşağı olub ki, bu da şəkərli diabetin müalicəsi üçün ümidverici nəticə sayılır. Alimlər hesab edirlər ki, əgər “Plvap” geninin deaktivasiya effektini təqlid edə bilən dərman hazırlanarsa, bu arıqlama prosesini davam etdirməyə kömək edə bilər. Bundan əlavə, bu yanaşma arıqlama dərmanlarının təsir müddətini uzada bilər.

Hələlik araşdırmalar yalnız siçanlar üzərində aparılıb, lakin əldə edilən nəticələr piylənmə və diabetin müalicəsində yeni üsulların inkişafına ümid yaradır. “Heyvanlar üzərində aparılan təcrübələrdən dərman istehsalına qədər uzun bir yol var, lakin kəşfimizin potensialı çox böyükdür” deyə Kim Ravnskyer vurğulayıb.

Qiymət Mahir

tag: Alimlər,Arıqlamaq, İnsanlar, Sağlamlıq,Mütəxəssislər, todaypress.az,