Alimlər alzheimer üçün yeni model hazırladı
Kazan Federal Universitetinin (KFU) tədqiqatçıları neyrodegenerativ xəstəliklərin, o cümlədən alzheimer xəstəliyinin əsasını təşkil edən zülal fibrilləşmə proseslərini tədqiq ediblər. Onlar bu proseslərin kimyəvi müdaxilə ilə ləngidilməsi imkanlarını araşdırmaq üçün eksperimental və hesablama metodlarından istifadə ediblər.
TodayPress Rusiya Təhsil və Elm Nazirliyinə isinadən xəbər verir ki, patogen zülalların sabit məkan quruluşu olmur və bu, onların digər zülallarla qarşılıqlı təsirini və aqreqasiyasını (birləşməsini) asanlaşdırır. Onlar böyük struktur müxtəlifliyinə malikdir və çox qısa zaman ərzində bir-birinə çevrilirlər.
Araşdırmanın müəlliflərindən biri, KFU-nun A.M. Butlerov adına Kimya İnstitutunun aparıcı elmi işçisi İqor Sedov bildirib ki, belə zülalların struktursuzluğu onların tədqiqini və kompüter modelləşdirilməsini çətinləşdirir. Bununla belə, alimlər zülal aqreqasiyasının qarşısını ala biləcək kimyəvi maddələrin axtarışı üçün yeni model işləyib hazırlayıblar.
Yeni kompüter modeli bu zülalların davranışını digər molekulların təsiri altında analiz etməyə imkan verir və fibrilləşmə inhibitorlarının – potensial terapevtik vasitələrin axtarışını sürətləndirir. Alimlər ən optimal yanaşmanı seçərək, modelləşdirilmiş peptidin müxtəlif kimyəvi maddələrlə qarşılıqlı təsirini tədqiq ediblər.
Sedov qeyd edib ki, zülalların bütün mümkün strukturlarının tam modelləşdirilməsi hətta ən güclü kompüterlərin belə imkanları xaricindədir. Buna görə də, tədqiqatçılar xüsusi metodlardan istifadə edərək, daha qısa müddətdə mümkün struktur dəyişikliklərini analiz ediblər.
Alimlər ümid edirlər ki, bu model alzheimer xəstəliyi ilə əlaqəli beta-amiloid zülalının anti-aqreqasiya aktivliyini izah etmək və potensial dərmanları müəyyən etmək üçün tətbiq olunacaq. Yeni metod virtual skrininq aparmağa, yəni müəyyən zülallara qarşı aktiv molekulların böyük miqyaslı kompüter analizini həyata keçirməyə imkan verəcək.
Qiymət Mahir
tag: Araşdırma,Alzheimer,KFU,Alimlər,todaypress.az,