ABŞ-də dünyanın ən kiçik ürək stimulyatoru hazırlandı
Şimali-Qərb Universitetindən (Northwestern University) olan amerikalı alimlər dünyada ən kiçik və orqanizmdə öz-özünə həll olan müvəqqəti kardiostimulyator hazırlayıblar.
TodayPress xəbər verir ki, yenilik “Nature” elmi jurnalında təqdim olunub.
Yeni cihazın ölçüsü cəmi “1,8 × 3,5 × 1” millimetrdir və bu, onu düyü dənəsindən də kiçik edir.
Ürək stimulyatoru bədənə cərrahi müdaxiləsiz, sadəcə şprislə yeridilə bilir.
Cihaz sinəyə yapışdırılan xüsusi plastır vasitəsilə aktivləşdirilir. Plastır bədəndə aritmiya, ürək ritmində pozuntu aşkarladıqda infraqırmızı işıq siqnalları göndərir.
Bu siqnallar toxumaları keçərək cihazı işə salır və o, ürək ritmini bərpa etmək üçün elektrik impulsları yaymağa başlayır. Qurğunun enerji mənbəyi isə bədən mayeləri ilə təmasda kimyəvi reaksiya yaradan iki metal elektroddan ibarət “biobatareya”dır. Bu reaksiya kifayət qədər güclü elektrik cərəyanı istehsal edir.
Cihaz öz funksiyasını – bir neçə gün və ya həftə ərzində ürək ritmini tənzimləməyi yerinə yetirdikdən sonra bədəndə tədricən həll olur. Bu, onu cərrahi yolla çıxarılmasını tələb etməyən unikal bir texnologiyaya çevirir.
Alimlər cihazı artıq donor ürəkləri və heyvanlar üzərində uğurla sınaqdan keçiriblər.
Tədqiqatçılar hesab edirlər ki, bu texnologiyanın gələcəkdə neyrostimulyasiya, yaraların sağaldılması və sümük toxumasının bərpası sahəsində də tətbiqi mümkün ola bilər.
Qiymət Mahir
tag: ABŞ,Ürək,stimulyator,Sağlamlıq,Todaypress.az,