50 yaşdan sonra necə bəslənməliyik? - DÜZGÜN QİDALANMA
Sağlamlıq
02.11.2024 13:50
50 yaşdan yuxarı insanlara sadə karbohidratların və şəkərin qəbulunu məhdudlaşdırmaq və pəhrizlərini mümkün qədər şaxələndirmək tövsiyə edilir.
TodayPress xəbər verir ki, endokrinoloq Yekaterina Yanqın sözlərinə görə, 50 yaşdan yuxarı insanlarda zülal çatışmazlığından dəri sallanır, əzələlər zəifləyir və sınıq riski artır. Bu problemin qarşısını almaq üçün o, zülalla zəngin qidalar yeməyi tövsiyə edib. Belə ki, balıq, ət və quş əti kimi qidaları rasyonunuza əlavə etməklə, bu kimi təhlükələrin qarşısını almaq mümkündür. Eyni zamanda, həkim qırmızı ətin həftədə bir və ya iki dəfədən çox olmayaraq istifadəsini məsləhət görüb.
İnsan yaşlandıqca zülallı qidaları həzm etmək çətinləşir. Ona görə də onun emal edilməsi üçün alma sirkəsi, limon suyu, təzə tərəvəz, göyərti və ədviyyatlardan istifadə etmək lazımdır. Həkim yüksək xolesterolu azaltmaq üçün sarımsaq yeməyin vacibliyini bildirib.
Endokrinoloq pəhriz zamanı bənövşəyi giləmeyvələrdən istifadə etməyi tövsiyə edib. Çünki həmin giləmeyvələrin tərkibindəki güclü antioksidantlar erkən qocalmanın qarşısını alır. Bununla yanaşı, beynin funksiyalarını inkişaf etdirir və yüksək təzyiqi azaltmağa kömək edir.
Yanq, pəhrizə rukola, ispanaq, turp və kələm kimi tərəvəzlərin əlavə edilməsinin faydalı olduğunu bildirib. Onun fikrincə bu növ tərəvəzlər toksinləri çıxarmağa kömək edir, həmçinin xroniki iltihabı və xərçəng riskini azaldır.
Töhfə Səməd
tag: Qidalanma, Sağlamlıq, 50 yaş, Giləmeyvələr, Pəhriz, Həkim, todaypress.az,