Xaçaturyan: “Müharibə dövrü geridə qaldı”
Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib ki, İrəvan Bakı ilə sülh sazişinin imzalanması istiqamətində davamlı fəaliyyət göstərir və mövcud çətinliklərin danışıqlar yolu ilə həll edilə biləcəyinə inanır.
TodayPress xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Ermənistan prezidenti bu fikirləri İrəvanda Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransı zamanı səsləndirib.
O, İrəvan və Bakı arasında sülh sazişinin imzalanması perspektivlərinə toxunaraq vurğulayıb:
“Regionda, xüsusən də Azərbaycanla sülhün təmin olunması bizim əsas məqsədimizdir və biz bu istiqamətdə sistemli addımlar atırıq. İnanırıq ki, mövcud və ola biləcək çətinliklər aradan qaldırıla və bütün məsələlər danışıqlar masasında həll oluna bilər” deyə o əlavə edib.
Xaçaturyan həmçinin vurğulayıb ki, müharibə və qarşıdurma dövrü artıq geridə qalıb və Cənubi Qafqazda yeni müharibələr üçün resurslar mövcud deyil.
Töhfə Səməd
tag: Ermənistan ,Vaaqn Xaçaturyan,Saziş,Bakı,İrəvan,todaypress.az,