Prezident İlham Əliyev soydaşlarımızın Qərbi Azərbaycana qayıtmasından danışdı
Qərbi Azərbaycan
21.07.2024 14:51
İyulun 20-də “Yalan məlumatların ifşası:
Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun
açılış mərasimi keçirilib.
TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və sualları cavablandırıb.
Moderator Rebekka Maklaflin-İstham: Təşəkkür
edirəm, Zati-aliləri. Növbəti sual Maksim Şevçenkodandır.
Maksim Şevçenko: Sovet İttifaqının
süqutundan sonra 300 minə yaxın azərbaycanlı Qərbi Azərbaycandan, indiki Ermənistan
ərazisindən qovulub. Sualım belədir, biz azərbaycanlıların öz Vətənlərinə heç
olmasa, qonaq kimi gələ bildiyi günü görə biləcəyik? Bu prosesdə hər hansı irəliləyiş
olacaqmı? Azərbaycanlılar öz Vətənlərini - Qərbi Azərbaycanı görəcəklərmi?
Prezident İlham Əliyev: Sağ olun,
sualınıza görə təşəkkür edirəm. Konkret suala gəldikdə isə, mən əminəm ki, həmin
gün mütləq gələcək. Burada biz, əlbəttə ki, Ermənistan rəhbərliyinin siyasi
iradəsinə, bəyan etdiyi demokratiya və qanunun aliliyi prinsiplərinə sadiqliyinə
ümid bəsləyirik. Biz onlardan açıq-aydın bəyanat gözləyirik ki, bugünkü Ermənistan
ərazisindən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar, yaxud oradan didərgin
salınanların övladları və nəsilləri öz tarixi torpaqlarına necə qayıda və həmin
yerlərə gedə bilərlər, yaxud həmin torpaqlarda necə yaşaya bilərlər. Üstəlik,
bizdə olan kifayət qədər mötəbər məlumatlara görə, azərbaycanlıların yaşadığı kəndlərin
90 faizində indi həyat yoxdur, yəni həmin yerlər boşdur, oralar Füzuli, Ağdam və
digər yerlər, habelə bütün digər Azərbaycan kəndləri 30 il ərzində dağıdıldığı
kimi yerlə-yeksan edilib. Orada bəzi kəndlərdə isə erməni əhalisi məskunlaşıb.
Ona görə də mən çox inanıram ki, həmin gün mütləq gələcək. Mən bu barədə dəfələrlə
danışanda, təbii ki, erməni diasporunun nəzarətində olan beynəlxalq müstəvilərdə
məni az qala işğalçı fikirlərə düşməkdə ittiham etməyə başladılar. Mən dedim
ki, biz oraya tanklarla yox, avtomobillərlə gələcəyik. Mən bunu indi də deyirəm.
Düşünürəm ki, bu mesaj, bugünkü erməni rejiminin sponsorlarının, xüsusən Parisdə
və digər Qərb paytaxtlarındakıların onlara çox aydın şəkildə çatdırmalı olduğu
ismarışlardan biridir.
Moderator Rebekka Maklaflin-İstham: Təşəkkür
edirəm. “Haber Global”dan olan nümayəndənin sual verməsini istərdim.
Türkiyənin “Haber Global”
televiziyasının aparıcısı Saynur Tezen: Hazırkı vəziyyət, sülh sazişi ilə bağlı
vəziyyət nədən ibarətdir? Sizcə sülh sazişi nə zaman imzalanacaq?
Prezident İlham Əliyev: Bizim ölkə və şəxsən mən sülh sazişi üzərində işləməyi təklif etdim. Mənim fikrim ondan ibarət idi ki, Qarabağ münaqişəsi həll edilib. Biz nə etməliyik ki, iki ölkə münasibətləri normallaşsın. Bu, açıq şəkildə Azərbaycan tərəfindən bəyan edildi. Ancaq Ermənistandan bir cavab gəlmədi. Bir müddətdən sonra biz prinsiplərimizi elan etdik. Bu, beş prinsipdir, təməl prinsipləridir, beynəlxalq hüququn prinsipləridir. Əminəm ki, bu işlərlə məşğul olanlar bilir mən nədən danışıram. Yenə də Ermənistana çox uzun müddət lazım oldu ki, buna razı olsunlar. Yəni, o zamandan etibarən danışıqlar bizim təşəbbüsümüzlə başladı. Həmin danışıqlar bir müddət davam etdi və burada heç bir ciddi irəliləyiş olmadı. Bunun bir xüsusi səbəbi var idi, çünki Ermənistan həmin sülh sazişinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdi. Biz bunun qəti əleyhinə idik. Sülh sazişinin mətninə gəldikdə, mənə xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb. Ona görə də Ermənistan həmin o müddəanı və terminologiyanı oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verdi. Ancaq burada yenə də hazırda iki məsələ var. Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir. Növbəti şərt odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Bizim onların daxili işlərinə hər hansı bir müdaxilə etmək niyyətimiz yoxdur. Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil. Bu gün mən daha az nikbinəm. Çünki bildiyiniz kimi, baş nazir Paşinyan mənimlə Britaniyada görüşməkdən imtina etdi. Bu, Britaniya Hökumətinin təşəbbüsü idi. Təklif o idi ki, bizim aramızda belə bir görüş keçirilsin, həmin Oksford tədbiri çərçivəsində. Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik, çünki dörd ay bundan əvvəl Kansler Şolts Münxen şəhərində bənzər bir görüş təşkil etdi. O, görüşdə iştirak edirdi, 5-6 dəqiqə ərzində bizimlə bir yerdə oldu, sonra otağı tərk etdi. Detallar bu idi. Bir istiqamət mətndir - sülh sazişinin mətni, digəri isə, əlbəttə ki, dediyim kimi, Ermənistan konstitusiyasıdır.
Moderator Rebekka Maklaflin-İstham: Çox
təşəkkür edirəm. Professor Paulo Liebl Fon Şirak, söz sizindir. O, Vaşinqtonun
Bey Atlantik Universitetini təmsil edir.
Paulo Liebl Fon Şirak: Mənim sualım
COP29-la bağlıdır. Hibrid atmosferdə yaşamaqla bağlı, yəni, həm faydalı qazıntı
növlərindən istifadə edərək, həm də yeni bərpaolunan enerjiyə diqqətin təmin
edilməsi ilə bağlı mesajınız nədən ibarətdir? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Mənim mesajım
qısa şəkildə ola bilər. Mən deyərdim ki, riyakarlığa son qoyulmalıdır. Mən deyə
bilərəm ki, ötən görüşümüzdən bu günədək Azərbaycan bərpaolunan enerji sahəsində
böyük nailiyyətlərə imza atıb. Bununla yanaşı, biz texniki əsaslandırma işləri
həyata keçiririk. Söhbət Xəzər dənizindəki külək enerji stansiyalarından Rumıniyaya
Qara dənizin dibi ilə uzanacaq elektrik kabel layihəsindən gedir. Orada da
potensial dörd qiqavatdır. Onlar gözləyirlər ki, biz oraya milyardlarla vəsait
yatıraq və eyni zamanda, deyirlər ki, 10 ildən sonra Avropa İttifaqının qaza
ehtiyacı yoxdur. Yəni, biz ağılsızıq ki, onların ehtiyacı olmadığı qaza 10
milyardlarla vəsait qoyaq? Yəni, sonra da deyək ki, bizim qazımız haradadır. Yəni,
mənim mesajım o oldu ki, gəlin, bu oyuna son qoyaq, faydalı qazıntı yanacağı
olmadan yaşamaq mümkün deyil. Bu, birincisi. İkincisi, mən bilirəm ki, Avropa
şirkətləri bərpaolunan enerjiyə nə qədər yatırım edirlər. Mən bunu təqdir edirəm.
Ancaq beynəlxalq ekspertlərin hesabatına görə, nə qədər etsələr də, bu,
dünyanın və Avropanın ehtiyacını tam ödəyə bilməyəcək və ona görə də biz həmin
kabel üzərində işləyirik. Layihə təkcə bu deyil. Biz Özbəkistan və Qazaxıstanla
bir neçə ay bundan əvvəl Xəzər dənizinin dibi ilə gedəcək elektrik kabeli
haqqında saziş imzalamışıq və bunun texniki əsaslandırılması olacaq. Onların da
bu sahədə təcrübəsi var. Bizim planlarımız istədiyimiz kimi həyata keçsə, Özbəkistan
və Qazaxıstandan Xəzər dənizindən keçərək Azərbaycana, Gürcüstana, Türkiyə və
Rumıniyaya uzanacaq kabel xətti inşa edə bilərik. Yəni, bu layihə Cənub Qaz Dəhlizindən
də daha böyük layihə olacaq. Amma bizim əməkdaşlığa, eyni zamanda,
koordinasiyaya ehtiyacımız var.
Moderator Rebekka Maklaflin-İstham: Çox
sağ olun, cənab Prezident. Bu, COP29-un da əsas mövzularından biridir. Növbəti
sual Ramis Yunisdəndir.
Ramis Yunis: Hörmətli cənab Prezident,
Sizi Qarabağın tacı olan müqəddəs Şuşa şəhərində salamlamaq mənim üçün böyük şərəfdir.
Sizcə, Ağ evdə dəyişikliyin regionumuzla bağlı hansı nəticələri olacaq, hansı dəyişikliklər
olacaq?
Prezident İlham Əliyev: Əlbəttə ki, Azərbaycan-ABŞ əlaqələri, onun görünən tərəfi haqqında danışdıqda, bizim Respublikaçılar hakimiyyəti ilə daha nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü əlaqələrimiz olubdur. Siz mənim Amerika liderləri ilə əlaqələrimə, təmaslarıma nəzər salsanız, bu, aydın olar. Eyni zamanda, Prezident Trampın prezidentliyi dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi. Biz hazırkı ABŞ Administrasiyasının fəaliyyətindən, hərəkətlərindən dərindən məyus olmuşuq. Bu, birtərəfli yanaşmadır. Qafqazda ayırıcı xətlərin çəkilməsi olduqca təəccüblüdür. Bildiyiniz kimi, ABŞ Dövlət katibi, Avropa Komissiyasının prezidenti və onların bir növ xarici işlər naziri hesab edilən ali komissarı Brüsseldə görüşdülər. Bu görüşdə onlar Ermənistanın hərbi baxımdan maliyyələşdirilməsi məsələsini müzakirə etdilər. Onlar hərbi sahədə maliyyə ayırmaq məqsədini güdürlər və bu, bizim üçün tamamilə qəbuledilməzdir.
Rebekka Maklaflin-İstham: Cordan Morqan,
buyurun, xahiş edirəm, ayağa qalxasınız.
Cordan Morqan: Cənab Prezident, bir daha
Şuşada olmağımdan məmnunam və təşkilatçılara təşəkkür edirəm. Mən Londonda fəaliyyət
göstərən QHT-də çalışıram. Bizim əsas istiqamətimiz Fələstin-İsrail münaqişəsidir.
Azərbaycanın mövqeyi nədən ibarətdir ki, Qəzza bölgəsində sülh təmin edilsin, ən
azı atəşkəs təmin edilsin?
Prezident İlham Əliyev: Mən bir neçə dəfə
öz mövqeyimi bildirmişəm ki, bu münaqişə ən qısa zamanda dayandırılmalıdır, ona
son qoyulmalıdır. Biz uzun illər ərzində siyasi və iqtisadi baxımdan Fələstinə
dəstək göstərmişik. Biz onların müstəqil dövlət qurmaq arzusunu hər zaman dəstəkləmişik.
Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından iki dövlətli həll yolu yeganə
çıxış yoludur: Fələstin dövlət qurmalıdır və Şərqi Qüds onun paytaxtı
olmalıdır. Yəni, bu mövqe dəfələrlə tərəfimizdən vurğulanıb.
Moderator Rebekka Maklaflin-İstham: Təşəkkür
edirəm, cənab Prezident. Mariana Qonçaruk ukraynalı jurnalistdir. Buyurun, söz
sizindir.
Mariana Qonçaruk: Hörmətli cənab
Prezident, mən Ukraynanı təmsil edirəm. Bu gün Ukrayna, bildiyiniz kimi,
Rusiyanın həm hərbi, həm də informasiya təcavüzünün qurbanıdır. Bizim kimi ölkələrə
Sizin tövsiyəniz nədən ibarət olar ki, biz həqiqətləri necə çatdırmalıyıq və
bizim nümayəndələrimiz bu sahədə necə əməkdaşlıq edə bilər?
Prezident İlham Əliyev: Humanitar dəstəyimizi
qeyd etdiyinizə görə təşəkkür edirəm. Bu günədək biz Ukrayna xalqına humanitar
və maliyyə dəstəyi göstərmişik. Qırx milyon avroya yaxın yardım edilibdir və bu
yardım davam edir, tamamilə şəffaf yardımdır. O, humanitar xarakterlidir. Mediaya
gəldikdə, hazırda Ukrayna daha yaxşı vəziyyətdədir. Çünki Qərb mediası sizin tərəfinizdədir.
Yəni, bu gün CNN, BBC, “France24”, hətta yapon mediası, Koreya mediası, bütün Qərb
və digər media kanalları sizi dəstəkləyir. Bu, bizim vəziyyətdən tamamilə fərqlidir.
Ona görə mən burada məsləhətçi olmaq istəməzdim. Əlbəttə, iki ölkə arasında
müharibə davam etdiyi vaxtda siz onu gözləyə bilməzsiniz ki, qarşı tərəf sizin
haqqınızda nəsə bir müsbət məqalə dərc etsin və ya material yayımlasın. Ona görə
münaqişə - Ermənistan-Azərbaycan münaqişəsi bitəndən sonra, yəni artıq bundan
xeyli vaxt keçib, hələ də baxırsınız ki, Ermənistan və Azərbaycan mediasında
müsbət bir məqalə belə dərc edilsə, o adam xain adlandırılır. Ona görə də siz
gözləyə bilməzsiniz ki, Rusiya mediasında və ya onlara yaxın olan mediada ölkəniz
haqqında müsbət bir məqalə və ya material dərc edilsin. Yenə də deyirəm, bu gün
bütün dünya mediası sizin tərəfinizdədir. Ancaq görürsünüz ki, bu, heç də
müharibənin dayandırılması üçün kifayət etmir.
Moderator Rebekka Maklaflin-İstham: Təşəkkür
edirəm, cənab Prezident. “Radio Latviya”nın nümayəndəsi Ansis Boqustovs
buyurun.
Ansis Boqustovs: Cənab Prezident, bizi
buraya dəvət etdiyinizə görə təşəkkür edirik. Mən Avropa İttifaqının və bu
regionun müəyyən ambisiyaları və iddiaları ilə bağlı sualıma cavab almaq istəyəcəyəm.
Siz ərazi bütövlüyünüzü bərpa etmisiniz. Bununla bağlı Sizi təbrik edirəm.
Ancaq bu ərazilər mina ilə doludur və Siz bu işi necə görürsünüz və nə qədər
ailə, keçmiş məcburi köçkünlər artıq qayıdıb? Rəqəmlər nədən ibarətdir? Daha nə
qədər ailə qayıdacaq? Bu karbon neytrallığı məsələsinə gəldikdə, o əraziləri
bildiyimə görə yaşıl enerji zonası elan etmisiniz. Halbuki Avropa İttifaqı hələ
2050-ci ilə qədər bu məsələni həll edə bilməyəcəkdi. Bunu necə edirsiniz? Hansı
vəsait yatırılır? Bu maliyyə mənbəyi nədən ibarətdir? Neft-qaz pullarıdır? Eyni
zamanda, minaların təmizlənməsi prosesi necə davam edəcək? Həmin məsələni Ukraynaya
da şamil etmək olar.
Prezident İlham Əliyev: Təəssüf ki, dünən
insident baş verdi, üç nəfər mina partlayışı nəticəsində yaralandı. 2020-ci ildən
bu yana 300-dən çox insan ya həlak olub, ya da yaralanıb. Təəssüf ki, Ermənistanın
bizə verdiyi mina xəritələri tamamilə yararsızdır, onlar dəqiq deyil. Qayıdış məsələsinə
gəldikdə, dörd şəhərə və dörd kəndə vətəndaşlar artıq qayıdıblar. Azad edilmiş ərazilərdə
artıq 8 minə yaxın əhali yaşayır. İlin sonuna qədər bu rəqəm 20 minə çatacaq.
Bir neçə ay əvvəl biz 23 binadan ibarət yaşayış kompleksini istifadəyə verdik,
üç, dörd, beşmərtəbəli binalardır. Buraya yaxındır, oranı gedib görə bilərsiniz.
Artıq orada sakinlər yaşayırlar. Yəni, Qarabağda və Şərqi Zəngəzurda geniş
reabilitasiya proqramı həyata keçirilir. Bəli, siz düzgün qeyd etdiniz ki,
Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan coğrafi baxımdan da eyni regiondur. Onlar
yaşıl enerji zonaları elan edilib. Burada çox böyük potensial var, həm də Günəş
elektrik enerjisi baxımından. Gələn il buraya gələndə görəcəksiniz ki, bu
region tamamilə yaşıl enerji regionuna çevrilib.
Moderator Rebekka Maklaflin-İstham: Nailə
Balayevaya söz vermək istərdim.
Nailə Balayeva: Təşəkkür edirəm. Mən
“Reuters” xəbər agentliyini təmsil edirəm. Cənab Prezident, Rusiya Ukrayna ərazisindən
Avropaya qazın nəqlini 2025-ci ildə dayandıracaq. Azərbaycan Avropaya qaz nəqlinin
həcmini necə artıra bilər? Buna Ukrayna vasitəsilə Avropaya svop əməliyyatı çərçivəsində
Slovakiyanı misal göstərmək olar. Bu, necə baş verə bilər? Bu, mümkündürmü?
Avropaya 2027-ci il üçün həcmin iki dəfə artırılması mümkündürmü? Bu, Azərbaycan
qazı olacaqdır və ya digər ölkələrdən də qaz həcmləri cəlb edilə bilər?
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
Biz 2022-ci ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə enerji sahəsində
strateji tərəfdaşlıq haqqında saziş imzalayanda qarşıya konkret hədəf qoyduq.
Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq öhdəlik deyil, bu, bizim
hədəfimizdir. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə biz Avropaya 8
milyard kubmetr qaz nəql edirdik. Bu il təkcə Avropaya 13 milyard kubmetrə
yaxın həcmdə nəql ediləcək. Ümumi həcm isə 25 milyard kubmetr olacaqdır.
2027-ci il haqqında danışırıqsa, biz Avropaya ixracı 16 milyard kubmetrə
çatdırmalıyıq. Bu resursların Avropaya mövcud şəbəkə - Cənub Qaz Dəhlizi, həm də
onun interkonnektorları vasitəsilə çatdırılması planlaşdırılır. Ukrayna ilə
Rusiya arasında müqaviləyə xitam verilməsi məsələsinə gəldikdə, Ukrayna və
Avropa İttifaqı bizə müraciət edib ki, biz bu müqavilənin uzadılmasında
yardımçı olaq. Hesab edirəm və mənə elə gəlir ki, hər iki tərəf bunda
maraqlıdır.
Moderator Rebekka Maklaflin-İstham: Cənab
Prezident, Siz geniş cavab verirsiniz. Biz bunun yalnız tərəfdarıyıq. Cənab
Prezident, icazənizlə, növbəti suala keçək. Sual verən xanım Özbəkistanı təmsil
edir.
Özbəkistanın Milli İnformasiya
Agentliyinin (UZA) baş redaktoru Durdona Salixova: Təşəkkür edirəm. Əvvəlcə,
istərdim dəvətə və bu Forumda iştiraka imkan yaratdığınıza görə təşəkkürümü
bildirim. Sualım belədir ki, Siz media sənayesinin gələcəyini və süni
intellektin bu prosesdə rolunu necə görürsünüz?
Prezident İlham Əliyev: Burada mənə məşhur
media sənayesinin nümayəndələri ilə rəqabətə girmək çətin olacaq. Onların bilmədiklərini
deyə bilmərəm. O ki qaldı, süni intellektə, doğrudan da bu mövzu hazırda
tamamilə yeni müstəviyə çıxmaqdadır. Vaxtaşırı rəsmi məlumatlar, Azərbaycanın səlahiyyətli
qurumlarının rəsmi məlumatları onu göstərir ki, mənim adımdan fərqli biznes
layihələrinin elan olunması haqqında məlumatlar daxil olur və bunların heç
birinin nə mənə, nə də Azərbaycana aidiyyəti yoxdur. Təəssüf ki, bəzi insanlar,
böyük sayda insanlar buna inanır. Sən bunun öhdəsindən necə gəlməlisən? Cavab
çox çətindir. Çünki kimsə etirazı, təkzibi oxuyacaq, ya oxumayacaq, yaxud da
çox gec olacaq. Bu feyki dərhal tapmaq çox çətin olur. Sən bir müddət sonra onu
aşkarlayırsan. Həmin müddət ərzində insanlar artıq buna inanır. Bu, müəyyən mənada
çox kəskin mahiyyət daşımır. Kimsə bunun üzərindən pul qazanmaq istəyir və mənim
adımdan süni intellektdən istifadə edərək elanlar dərc olunur ki, məsələn,
buraya pul yatırın, oraya pul yatırın. Məsələ yalnız Azərbaycandan getmir. Nüvə
silahına malik ölkələr var. Bu ölkələr, eyni zamanda, süni intellekt tərəfindən
manipulyasiyaya məruz qala bilər. Hətta məişət səviyyəsində bir çox hadisələr
var ki, bir çoxlarına - insanların münasibətlərinə, ləyaqətinə, nüfuzuna bərpa
olunmayan xələl yetirilə bilər. Zənnimcə, beynəlxalq səviyyədə belə bir
mexanizm işlənib hazırlana bilər. Bu, heç bir halda söz azadlığının məhdudlaşdırılması
kimi qəbul olunmayacaq. Beynəlxalq səviyyədə, BMT səviyyəsində, yaxud da “Böyük
20”lik tərəfindən təşəbbüslər irəli sürülə bilər ki, buna son qoyulsun. Bu, çox
ciddi bir təhdiddir və təşəkkür edirəm ki, siz bu mövzuya toxunursunuz.
***
19.40
İyulun 20-də “Yalan məlumatların ifşası:
Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun
açılış mərasimi keçirilib.
TodayPress xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və sualları
cavablandırıb.
Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən
çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq
təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə
və hərəkət platforması rolunu oynayır.
Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi:
Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı
daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin
reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və
“İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunacaq.
Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti,
dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media
ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar
həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin
təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma
prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat veriləcək.
Xatırladaq ki, “4-cü Sənaye inqilabı
dövründə yeni media” mövzusunda I Şuşa Qlobal Media Forumu ötən il iyulun
21-23-də keçirilib.
***
16:19
İyulun 20-də “Yalan məlumatların ifşası:
Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu
keçirilir.
TodayPress xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Forumda çıxış edir.
Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən
çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq
təşkilat və 82 media qurumunun qatılacağı Forum iştirakçılar üçün birgə müzakirə
və hərəkət platforması rolunu oynayır.
tag: Prezident, İlham Əliyev, Şuşa,Qlobal Media Forum, todaypress.az,