“O, Fransanı daha da gözdən salır” - Qərbi Azərbaycan İcması bəyanat verdi

Qərbi Azərbaycan

28.09.2024 11:40

“Özünü Fransanın Ermənistandakı səfiri kimi qələmə verən şəxs gülünc açıqlamalarını davam etdirir. O, tamam aidiyyətsiz bir məsələni belə öz aləmində Azərbaycana hücum etmək imkanı kimi görür, diplomat kimi deyil, daşnak, revanşist erməni kilsəsinin təmsilçisi kimi danışır”. 

TodayPress xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda belə deyilir. 

“Xüsusən, Ermənistanın baş nazirinin BMT Baş Assambleyasında çıxışından sonra belə açıqlamalar verməklə o, təkcə özünü yox, həm də son illərdə bir-bir ölkələrdən qovularaq biabır olmuş Fransanı daha da gözdən salır. Fransa diplomatiyasının Taleyrandan Ermənistandakı səfir səviyyəsinə düşməsi acınacaqlı durumdur.

Özünü səfir kimi təqdim edən şəxsə zəruri bir xatırlatma etmək istərdik ki, işğaldan otuz il ərzində əziyyət çəkmiş Azərbaycandır və Fransa buna faktiki olaraq dəstək verib. Həmçinin xatırlatmaq istərdik ki, Əhmədiyyə Cəbrayılovun nümunəsində Azərbaycan xalqının oğulları nasist Almaniyasının işğalı altında olan Fransanı azad etmək üçün fədakarlıqla mübarizə aparıblar” deyə bəyanatda qeyd olunub.

tag: Azərbaycan ,Ermənistan, BMT, Fransa ,Bəyanat ,todaypress.az,