Ermənistanın ətraf mühiti zəhərləyən dağ-mədən fəaliyyətini ifşa edən rəqəmsal xəritə hazırlanır
Qərbi Azərbaycan
16.01.2025 20:12
Ermənistanın ətraf mühiti
zəhərləyən dağ-mədən fəaliyyətini ifşa edən rəqəmsal xəritə hazırlanır.
TodayPress xəbər verir ki,
Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləyən dağ-mədən sənayesi
fəaliyyəti əleyhinə mübarizəyə qalxan QHT-ləri birləşdirən “Environmental
Protection First” Koalisiyası 2024-cü ildə azərbaycan, ingilis və erməni
dillərində tərtib etdiyi “Ermənistan Respublikasının mineral xammal resursları”
adlı xəritənin bazasında yeni rəqəmsal xəritə işləyir.
Bu barədə Koalisiyaya üzv “Azərbaycan
Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlama verib.
Onun sözlərinə görə, rəqəmsal xəritədə
faydalı qazıntıların növləri, yerləşdiyi ərazi, əsas çirkləndiricilər olan
mineral-xammal müəssisələri, onun istismarını aparan şirkətlər, əsas
çirkləndiricilər, ətraf mühitə təsir haqqında məlumat, müəssisələrin yerləşmə
yerləri, kosmik şəkillər öz əksini tapacaq: “Xəritə “WGS-84” koordinat
sistemində, altlığı isə kosmik və topoqrafik görüntülü olacaq. Yaxın vaxtlarda
ictimaiyyətə təqdim edəcəyik”.
Xatırladaq ki, “Environmental
Protection First” Koalisiyası Ermənistanda dağ-mədən müəssisələrində beynəlxalq
qurumlarla birgə ekoloji monitorinqlər keçirməyə şərait yaradılmasını tələb
edir. 2023-cü ildən bu barədə dəfələrlə Ermənistanın baş naziri Nikol Paşinyana
müraciətlər edilsə də, Paşinyan Azərbaycan vətəndaş cəmiyyətinin tələblərinə
hələ də cavab verməkdən yayınır.
tag: Ermənistan,Xəritə, Mədən, Paşinyan, Azərbaycan, todaypress.az,