Ermənistanda həbslər tənqid olundu
Ermənistan parlamentinin “Vətəndaş sazişi” fraksiyasından olan deputat Arsen Torosyan ölkədə hüquq-mühafizə orqanlarının həddindən artıq tez-tez həbsi ilkin tədbir kimi tətbiq etdiyini və bu qərarların hüquqi əsaslandırmasının çox vaxt olmadığını bildirib.
TodayPress xəbər verir ki, o, bu fikirləri Antikorrupsiya Komitəsinin illik hesabatının müzakirəsi zamanı səsləndirib.
Hesabatı qurumun rəhbəri Artur Naapetyan təqdim edib.
Deputat vurğulayıb ki, son illərdə həbslərin sayı kəskin artaraq hətta azadlıqdan məhrum edilənlərin ümumi sayını keçib:
“Belə çıxır ki, prokurorluq, İstintaq Komitəsi və digər qurumlar məhkəmə funksiyasını üzərinə götürərək insanları azadlıqdan məhrum edir. Onların günahkar olub-olmaması isə çox da maraq doğurmur.”
Torosyan əlavə edib ki, inkişaf etmiş ölkələrdə həbslər yalnız kifayət qədər sübutlar toplandıqdan sonra tətbiq olunur, Ermənistanda isə bunun əksi müşahidə olunur. Onun fikrincə, bəzi hallarda həbs yalnız ifadə almaq məqsədilə həyata keçirilir.
Deputat belə hallar davam edərsə, parlamentin həbslərlə bağlı səlahiyyətləri məhdudlaşdıran qanunvericilik təşəbbüsü ilə çıxış etməli olacağını qeyd edib.
Qiymət Mahir
tag: Ermənistan,Həbs,Dünya,Deputat,todaypress.az,