Yerətrafı kosmos zibilliyə çevrilir - XƏBƏRDARLIQ
Video
16.04.2025 12:07
Yer ətrafındakı kosmos sürətlə zibilliyə çevrilir. Bu, artıq sadəcə adi bir problem deyil, həm də bütün insanlığın kosmosdakı gələcəyinə təhdiddir.
TodayPress xəbər verir ki, Avropa Kosmik Agentliyi (ESA) bu barədə yeni hesabatında xəbərdarlıq edib.
Hesabatda bildirilir ki, kosmik tullantıların miqyası kritik həddə çatıb və təxirəsalınmaz tədbirlər görülməzsə, Yerin orbiti istifadəyə yararsız hala gələ bilər.
ESA-nın məlumatına görə, hazırda Yerin orbitində 40 minə yaxın izlənilən obyekt var. Onların yalnız 11 mini fəaliyyət göstərən peyklərdir.
Qalanları — artıq işləməyən aparatların qalıqları, partlayış və toqquşmalar nəticəsində yaranmış tullantılardır.
Ölçüsü 10 santimetrdən böyük olan qalıqların sayı 54 minə, bir santimetrdən kiçik hissəciklərin sayı isə yüz milyonlarla ölçülür.
Bunlar isə sadəcə problemin görünən hissədir — radarların aşkar edə bilmədiyi kiçik tullantılar isə daha çox təhlükə yaradır.
2024-cü ildə orbitdə 11 nəzarətsiz dağıntı hadisəsi baş verib və nəticədə 2633 yeni fraqment yaranıb.
Hər belə hadisə orbitdə xaosu daha da gücləndirən gecikmiş partlayış effekti daşıyır.
Xüsusi narahatlıq doğuran məsələ isə 1978-ci ildə astrofizik Donald Kesslerin irəli sürdüyü “Kessler sindromudur”.
Onun ssenarisinə görə, orbitdəki zibilin toqquşması yeni fraqmentlər yaradır, bu isə öz növbəsində daha çox toqquşmaya səbəb olur. Beləliklə, zəncirvari reaksiya başlayır.
ESA bildirir ki, bu proses artıq aktiv fazadadır. Hətta bu gündən etibarən bütün kosmik buraxılışlar dayandırılsa belə, orbitdəki tullantıların sayı artmaqda davam edəcək.
Orbitdəki obyektlərin hərəkət sürəti saatda 28 min kilometrə çatır və bu sürətlə hərəkət edən hətta noxud boyda hissəcik belə Günəş panelini deşə və ya rabitə peykini sıradan çıxara bilər.
Məsələn, 2021-ci ildə ölçüsü cəmi 5 mm olan bir fraqment Beynəlxalq Kosmik Stansiyanın robot qolunda deşik açıb.
Kosmik tullantılar yalnız Beynəlxalq Kosmik Stansiya üçün deyil, GPS sistemləri, hava proqnozu peykləri və "Starlink" kimi internet şəbəkələri üçün də ciddi təhlükə yaradır.
Təkcə 2023-cü ildə "SpaceX" şirkəti öz peyklərinin toqquşmadan yayınması üçün 25 mindən çox manevr həyata keçirib.
Lakin orbitdə olan milyonlarla kiçik hissəcik ümumiyyətlə izlənmir. Bu isə kosmosda “rus ruleti” oynamaq kimidir.
ESA qeyd edir ki, hazırda görülən tədbirlərin 90 faizi profilaktik xarakter daşıyır: yeni peyklər atmosferdə yanaraq məhv olacağı şəkildə dizayn edilir. Amma bu, artıq orbitdə olan tullantı problemini həll etmir. Təmizləmə texnologiyaları - maqnit torlar, lazer sistemləri və s. hələ ilkin mərhələdədir. 2025-ci ildə istifadəyə verilmiş "ClearSpace-1" layihəsi ilk böyük fraqmenti təmizləməli olsa da, bu, dənizdə bir damla kimidir. Alimlər xəbərdarlıq edir ki, növbəti 10–15 il ərzində aşağı Yer orbiti (200–2000 km) “mina tarlasına” çevrilə bilər. Hər yeni buraxılış yüksək risk daşıyacaq, peyklərin sığortalanması isə astronomik məbləğlərə başa gələcək. Ən pis ssenaridə, bəşəriyyət kosmosa çıxışı onilliklərlə itirə bilər. Bu isə elmi tədqiqatları, rabitəni və hava proqnozlarını mümkünsüz edəcək.
Artıq Beynəlxalq Kosmik Stansiya orbitini zibil fraqmentlərindən yayınmaq üçün vaxtaşırı dəyişir. Təkcə 2024-cü ildə belə beş manevr həyata keçirilib. Amma orbitdə fraqmentlərin sayı artdıqca onlardan yayınmaq daha da çətinləşir. Kosmosda təmir isə milyardlarla dollara başa gəlir. ESA və "NASA" bu məsələdə qlobal əməkdaşlığa çağırır.
Mümkün həll yolları arasında bunlar qeyd olunur:
Böyük tullantıların toplanması;
Qayda sərtləşməsi- yeni peyklərin fəaliyyətini bitirdikdən sonra 5–10 il ərzində orbitdən çıxarılması;
Beynəlxalq nəzarət, yəni bütün ölkələr və özəl şirkətlər üçün ümumi standartların tətbiqi.
Töhfə Səməd