Yeni qanun hazırlanır: Pensiya pulunu birdəfəlik almaq mümkün olacaq - AÇIQLAMA

Video

13.12.2024 09:59

“Əksər inkişaf etmiş ölkələrdə özəl pensiya fondları fəaliyyət göstərir. Bu da vətəndaşlara həm dövlət, həm də özəl sektorda yığım imaknı yaradır”.

Bunu TodayPress-ə verdiyi açıqlamada Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, özəl pensiya fondlarının yaradılması məsələsi uzun müddətdir ki, müzakirə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bununla bağlı 20-dən artıq qanunvericilik aktlarının uzlaşdırılması prosesi həyata keçirilib. Yəni bu o deməkdir ki, qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində də artıq ilkin mərhələdə işlər gedib:

“Bütövlükdə özəl pensiya fondlarının üstünlüyü ondan ibarətdir ki, bu fondlarla əməkdaşlıq edən vətəndaşlar daha sonra pensiya yaşlarına çatan zaman iki mənbədən ödəniş alma imkanına malik olacaqlar. Bu da onların pensiya məbləğinin artmasına gətirib çıxaracaq. Məsələn, dövlət tərəfindən vətəndaşa düşən pul miqdarı 500 manat olaraq təyin olunubsa, özəldəki vəsait də üzərinə gəlinir və daha çox əldə etmiş olur. Bu da hər mənada əhalinin rifahı üçün müsbət addımdır”. 

Millət vəkili özəl fonddakı vəsaitin hansı şərtlərlə əldə ediləcəyi sualına cavab olaraq bildirib ki, buna yalnız qanun layihəsi təqdim olunduqdan sonra konkret münasibət bildirmək  mümkündür. Hazırda müzakirələr davam etdiyinə görə detallardan danışmaq mümkün deyil. 

Qeyd edək ki, Azərbaycanda özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlaya biləcəyi ilə bağlı məlumat yayılıb. Hazırda "Qeyri-dövlət pensiya fondları haqqında" qanun layihəsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən aidiyyatı qurumlarla, o cümlədən Mərkəzi Bankla müzakirə edilir. 

Bildirilib ki, vətəndaşların pensiya kapitalının bir hissəsi özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcək. Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70% civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.

Töhfə Səməd

tag: Pensiya, Dövlət ,Özəl, Vüqar Bayramov ,DSMF, todaypress.az