Yeni ildə əfv sərəncamı imzalanacaq?

Video

22.12.2024 17:34

Azərbaycanda əlamətdar günlərdə, xüsusən Yeni il ərəfəsində əfv sərəncamı imzalanır.   

Bəs bu il də əfv sərəncamı gözlənilirmi? 

Tanınmış hüquqşünas, sabiq millət vəkili, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bu barədə TodayPress-ə danışarkən bildirib ki, artıq bu il ərzində Prezident İlham Əliyev tərəfindən may ayında əfv sərəncamı imzalanıb.

Bu sərəncam yüzlərlə məhkuma şamil edilib. Adətən bir qayda olaraq il ərzində bir əfv sərəncamı imzalanır:   

“Çox az hallarda bir il ərzində ikinci bir əfv sərəncamının imzalanması nəzərdə tutulur. Buna görə ilin sonunda əfv sərəncamının imzalanması ehtimalını o qədər də yüksək qiymətləndirmirəm. 

Qarşıdakı ildə Novruz bayramı və may ayında növbəti əfv sərəncamının imzalanması ehtimal oluna bilər. Çünki son illərin təcrübəsinə baxsaq görərik ki, Cənab Prezident tərəfindən bir qayda olaraq əfv sərəncamları əsasən may və ya mart ayında imzalanır. Amma bütün hallarda nəzərə almaq lazımdır ki, əfv hüququ Prezidentin müstəsna səlahiyyətidir”.

Əliməmməd Nuriyev xatırladıb ki, indiyə qədər Azərbaycan Resbublikasında 70 əfv sərəncamı imzalanıb. Həmin əfv sərəncamlarından 33-ü Ulu Öndər Heydər Əliyev, 37-si isə Prezident İlham Əliyev tərəfindən imzalanıb.

tag: Əfv,Sərəncam,Azərbaycan,Yeni il,Todaypress.az