Yeni dünyanın tələbi elektromobillər - Benzinlə çalışan avtomobillər tarixə qovuşur?
Video
07.01.2025 12:17
“Elektromobillərin sayının artması dünyada neftə olan təlabatı azaldır”.
Bunu TodayPress-ə verdiyi açıqlamada iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra neftə olan tələbat, onun istehlakı xeyli artmışdı. Lakin son bir neçə ilin müşahidələrinə əsasən, bu sahədə ciddi durğunluq var. Hətta bəzi illərdə azalmalar da olub ki, burada da elektromobillərin payı olduqca böyükdür.
“Təbii ki, bu kataqoriyadan olan maşınların sayı artdıqca, daxili yanma mühərriki (DYM) ilə çalışan avtomobillər tarixə qovuşur. Bu da öz paralelində neftə və benzinə olan təlabatın azalmasına gətirib çıxarır”.
Ekspertin fikrincə, bütün DYM-lərin elektromobillərlə əvəz olunması prosesi heç də o qədər tez baş verməyəcək. 2040-2050-ci illərə qədər neftə olan təlabat indiki səviyyədə qalacaq. Çünki “qara qızıl” nə qədər avtomobil sahəsində azalan xətt üzrə getsə də, digər tərəfdən kimya, tibbin bir sıra sahələri üçün hələ də vacib amil olaraq qalır.
O, bu məsələnin neft ölkələrinə necə təsir göstərəcəyindən də danışıb. Bildirib ki, Azərbaycan da daxil olmaqla neft istehsal və hasil edən ölkələrdə hazırda bu məsələyə görə problemlər mövcuddur. Lakin bu o demək deyil ki, neft erası birdəfəlik bitəcək. “Sadəcə həmin ölkələr çalışmalıdır ki, neftdən asılılıqlarını azaltsınlar və qeyri-neft sektorunun inkişafına yönəlsinlər” deyə nitqini sonlandırıb.
Qeyd edək ki, Azərbaycanda hazırda nəqliyyat parkında 4047 ədəd (dünyada 10 milyondan çox) elektrik mühərrikli avtomobil mövcuddur. Ölkəmizdə 2024-cü ilin rəqəmlərinə əsasən ən ucuz elektromobil 22,899 manat, ən bahalısı isə 357 mindir.
Töhfə Səməd
tag: Elektromobillər, Natiq Cəfərli ,Təlabat, Dünya ,todaypress.az