Yankoviç üçün əlamətdar matç
Video
31.10.2024 10:14
Marko Yankoviç “Qarabağ” klubunda 100-cü oyununu keçirib.
TodayPress xəbər verir ki, monteneqrolu yarımmüdafiəçinin yubiley oyunu Premyer Liqanın XI turunun “Şamaxı” ilə matçına təsadüf edib.
Marko Yankoviç "Qarabağ"ın heyətində 2022-ci il iyulun 5-də, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə səfər matçında debüt edib.
Mətbuatın iddiasına görə, onun transferi üçün "Qarabağ"ın İsrail klubuna 150 min avro təzminat ödədiyi bildirilib. Bu xəbərlərdən az sonra, 20 iyun 2022-ci ildə "Qarabağ" İsrailin "Hapoel Təl-Əviv" klubundan Marko Yankoviçi transfer etdiyini və onunla 3 illik müqavilə imzaladığını rəsmən elan edib.
29 yaşlı futbolçu “Qarabağ”da keçirdiyi 100 oyunda 7 qol vurub. Marko toplardan 3-nü Premyer Liqanın 53 oyununda rəqib qapısından keçirib. O, Azərbaycan kubokunun 8 matçında cəmi bir dəfə fərqlənib. “Qarabağ”ın heyətində 39 avrokubok matçına qatılan yarımmüdafiəçi 3 qol vurub.
Monteneqrolu peşəkar futbolçunun karyerasının “Qarabağ”a qədərki dönəmi də yadda qalan olub.
Yarımmüdafiəçinin karyerasının ilk illəri dünyaya göz açdığı Çetinyenin "Lovçen" klubu ilə bağlıdır. 2007-ci ildə qeydiyyatını "Partizan" klubuna dəyişib. 2012-2013-cü illərdə isə Serb Birinci Liqasında "Partizan"ın farm klubu "Teleoptik" klubunda debüt edib. 2013-cü ilin yayında Marko dörd illik müqavilə ilə Yunanıstan çempionu “Olimpiakos”a transfer olunub.
Lakin Pirey təmsilçisi növbəti ildə futbolçunu Serbiyanın "OFK Beoqrad" klubuna icarəyə verib. 2015-ci ildə isə Yankoviç Sloveniyanın "Maribor" klubuna keçib, daha sonra bir mövsümlük icarə əsasında karyerasının ilk klubu olan "Partizan"a qoşulub.
Marko avrokuboklarda ilk dəfə 2017-ci ildə "Partizan"ın heyətində İsveçrədə "Yanq Boyz"la matçda fərqlənib.
Qeyd edək ki, Yankoviç 100 oyunluq həddə “Qarabağ”dan daha əvvəl, "Partizan" klubunda çatıb. Maraqlı məqam, "Partizan"dan ayrıldıqdan sonra o, klubun ona ödənilməmiş ən azı 160.000 avro maaşını kluba bağışlayıb.
Yarımmüdafiəçi "Qarabağ"a qədər olan fəaliyyət dövründə İtaliyada SPAL, "Krotone", İsraildə isə "Beytar Yerusəlim" və "Hapoel Təl-Əviv" klublarında top qovub.
Namiq HUN