XII Qlobal Bakı Forumundan mesaj: "Geosiyasi vəziyyət Cənubi Qafqazda sülh tələb edir" – ŞƏRH

Video

16.03.2025 15:24

"Bugünkü həm qlobal, həm də regional geosiyasi vəziyyət Cənubi Qafqazda sülhün olmasını tələb edir".   

Politoloq Natiq Miri bunu TodayPress-ə danışarkən deyib.   

O hesab edir ki, sülh olmadığı təqdirdə, hər an müharibənin başlaması təhlükəsi mövcuddur. Bu da digər güclərin regional müdaxiləsinə şərait yaradır. Ermənistan bütün bu faktları nəzərdən keçirməli və doğru-dürüst dəyərləndirməlidir.   

"Bəzi çağırışlar və risk amilləri var ki, artıq Ermənistanda da bunun fərqinə varıblar. Bu gün diqqətlə nəzər yetirsək görərik ki, Ermənistanın xarici işləri naziri Ararat Mirzoyan da sülh sənədindəki razılaşdırılmamış məqamların yaxın zamanda müsbət nəticələrin əldə edilə biləcəyi ehtimalından danışıb. Paralel olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsinin qısa zamanda cəmiyyətə təqdim olunmasından söz açıb. Bunlar təkcə söz deyil, həm də əməl olaraq reallaşdırılarsa, sülh müqaviləsinin imzalanması qaçınılmaz olacaq.  Azərbaycan Prezidenti İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bunu dünya liderlərinin diqqətinə çatdırıb. Azərbaycanın sülhə açıq və hazır olduğunu bildirib. Bu o deməkdir ki, rəsmi Bakı təkcə Ermənistan-Azərbaycan münaqişəsində deyil, bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının qurulmasında maraqlıdır. Çünki təhlükəsizlik arxitekturası bütöv bir sistem olarsa, Cənubi Qafqaza hər hansı bir müdaxilə mümkünsüz olar. Ona görə də Cənubi Qafqazın təhlükəsizliyi nöqteyi-nəzərindən hər hansı bir boşluğa imkan vermək lazım deyil ki, hansısa geosiyasi, geoiqtisadi maraqlar güdən qlobal güclər prosesə müdaxilə edə bilsinlər".   

Qeyd edək ki, Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında diqqətə çatdırıb ki, biz Cənubi Qafqazda sülh qurmalıyıq. 

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin (Ermənistana təqdim olunan – red.) müəllifidir. 

Bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb.   

Töhfə Səməd

tag: Natiq Miri,Politoloq,Prezident,İlham Əliyev,Qlobal Forum,Todaypress.az