Xərçəngə qarşı yeni silah: 5 gün fasiləsiz mübarizə aparır

Video

16.04.2025 12:26

Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları bir neçə gün ərzində fasiləsiz şəkildə xərçəng şişlərinə hücum edə bilən unikal immun hüceyrələri hazırlayıblar.     

TodayPress xəbər verir ki, yenilik barədə "Cell" jurnalı məlumat dərc edib.   

Yeniliyin əsasında artıq tanınmış "CAR-T" terapiyası dayanır. Bu üsulda xəstədən götürülən T-limfositlər xüsusi şəkildə genetik olaraq dəyişdirilir, daha güclü xərçəng hüceyrələrini tanımaq və məhv etmək qabiliyyəti ilə yenidən orqanizmə qaytarılır. 

Lakin mövcud "CAR-T" hüceyrələri cəmi bir gün ərzində aktiv olaraq qalır və daha sonra təsirini itirir.   

Alimlər bu məhdudiyyəti aradan qaldırmaq üçün immun hüceyrələrin bədənin daxilində aktivləşdirilməsi mexanizmini işləyib hazırlayıblar. Belə ki, dəyişdirilmiş T-hüceyrələr bədənin xəstə nahiyəsinə yeridildikdən sonra ultrasəs impulsları vasitəsilə aktivləşdirilir. 

Cəmi 10 dəqiqəlik təsir nəticəsində bu hüceyrələr ən azı 5 gün ərzində aktiv qalaraq xərçəng hüceyrələrinə qarşı fasiləsiz mübarizə apara bilir. Bu yanaşma, hüceyrələrin təkrar yeridilməsinə ehtiyac olmadan, müalicənin effektivliyini əhəmiyyətli dərəcədə artırır. 

 “EchoBack-CAR” adlandırılan bu yeni hüceyrələr təkcə daha yüksək aktivlik göstərmir, həm də təhlükəsizlik baxımından üstünlüyə malikdir. Onlar yalnız xərçəng hüceyrələrini hədəf alır və təsirlənmiş bölgəni tərk etdikdən sonra aqressiv xüsusiyyətlərini itirir. Bu da sağlam toxumaların zədələnməsi riskini minimuma endirir.   

Tədqiqatın aparıcı müəllifi, Viterbi Mühəndislik Məktəbinin dosenti Lonqvey Lü bildirib ki, bu hüceyrələr şişlərin yaydığı siqnallara reaksiya verərək əlavə dağıdıcı molekullar ifraz edir. 

Bu isə terapiyanı daha dəqiq və idarəolunan edir, onkoloji xəstəliklərlə mübarizədə yeni perspektivlər açır.   

Bu texnologiyanın yaxın gələcəkdə klinik sınaqlara keçməsi gözlənilir. Əgər nəticələr uğurlu olarsa, xərçəngə qarşı mübarizədə bu, əhəmiyyətli dönüş nöqtəsinə çevrilə bilər.   

Töhfə Səməd

tag: Xərçəng, Xəstəlik, Alimlər, Hüceyrə, todaypress.az