Xankəndidə 41 avtomat, 16 min patron tapıldı
Video
01.06.2024 13:39
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevirilməsi üçün DİN
əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən Todaypress-ə verilən məlumata görə,
Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin
sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili
İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra
edirlər. Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb
zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin
silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən
daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 25-31 may tarixlərində polis əməkdaşları
tərəfindən Xankəndi şəhəri ərazisindən 41 avtomat silahı, 6 tapança, 8 tüfəng,
45 qumbara, 5 mərmi, 60 alışdırıcı, 125 patron darağı, 16323 ədəd müxtəlif
çaplı patron, 29 ədəd süngü-bıçaq, 4 rabitə vasitəsi və digər sursatlar, Xocalı
və Xocavənd rayonları ərazisindən isə ümumilikdə 2 avtomat silahı, 57 qumbara,
9 mərmi, 22 alışdırıcı, 56 patron darağı, 9560 ədəd müxtəlif çaplı patron aşkar
olunaraq götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
tag: Xankəndi, Müharibə, Silah-sursat, Xocalı, Xocavənd,Todaypress.az