"Xankəndi" klubunun rəsmisi: “Böyük futbolu Xankəndinə qaytaracağıq!”
Video
25.09.2024 12:38
Qarabağımızı bu günə qədər milli futbolumuzda təmsil edən klublar var. Premyer Liqada bu missiyanı Ağdamın "Qarabağ" klubu həyata keçirir. Birinci və İkinci Liqalarda Füzulinin və Cəbrayılın eyniadlı komandalarının adını çəkə bilərik. Region Liqasında Zəngilanın "Çinar" klubu çıxış edir. "Xankəndi" futbol klubu da Qarabağ bölgəsini təmsil edən növbəti klub kimi qeydiyyatdan keçib.
2024/2025 AFFA Region Liqasının yeni mövsümündə “Xankəndi” klubu da fəaliyyət göstərəcək.
"Xankəndi" futbol klubunu yaratmaq və təmsil etmək bizim üçün fəxrdir".
TodayPress xəbər verir ki, bunu yeni yaradılan "Xankəndi" futbol klubunun icraçı direktoru Vasif İsmayılov deyib.
O, 2024/2025 mövsümündə AFFA Region Liqasında iştirak edəcək komandanın yaranmasından danışıb:
“Fubol ölkəmizdə ən populyar idman növüdür və işğaldan azad olunmuş yaşayış məntəqələrinə böyük futbolun qayıdışı bölgə ilə bağlı dövlət siyasətinin də prioritetlərindəndir. Elə bunu əsas götürərək düşündük ki, "Xankəndi" futbol klubunu təsis edib Azərbaycan futboluna qazandırmağın tam zamanıdır.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, eləcə də Peşəkar Futbol Liqasının rəhbərliyi bu ideyanı müsbət qarşıladılar. Nəticəsi isə bu oldu ki, klubumuz Region Liqada yarışlara qatılcaq.
“Xankəndi”nin hədəflərindən danışan klub rəsmisi ev oyunlarını keçirmək üçün Şamaxı Olimpiya Kompleksinə müraciət etdklərini bildirib:
"Xankəndi" futbol klubunu təsis etməkdə əsas məqsədimiz böyük futbolu Xankəndiyə qaytarmaqdır. İstəyirik futbolun kütləviləşməsində və populyarlaşmasında bu komandanın rolu olsun. Daha sonra isə Region Liqada çempionluğa oynayan güclu bir kollektiv qurmağı planlaşdırırıq. Əsas hədəfimiz Region Liqada çempion olub növbəti il İkinci Liqaya vəsiqə qazanmaqdır. Rəqib komandaları Şamaxıda qəbul edəcəyik. Vaxt gələr ev oyunlarımızı Xankəndi şəhər stadionunda keçirərik. Hazırda bu mümkün deyil. Xankəndi adının böyüklüyü bizə tələsməməyi təlqin edir. Tamamilə peşəkar kluba çevrilməsini planlaşdırdığımız "Xankəndi"ni bir gün Azərbaycan Premyer Liqasında görmək isə ən böyük arzumuz və iddiamızdır”.
Qeyd edək ki, AFFA Region Liqasının 2024/2025 mövsümünün oktyabr ayında başlaması nəzərdə tutulub.
Namiq HUN
tag: Xankəndi ,Futbol ,Stadion ,Qarabağ ,AFFA ,todaypress.az