Vüqar İskəndərov: “Paşinyan hakimiyyəti "sülh göyərçini" obrazı yaratmaqla məşğuldur”

Video

12.12.2024 12:19

“Ermənistan bir dövlət kimi yaranan gündən heç vaxt müstəqil olmayıb. Bunun nəticəsidir ki, hələ də müstəqil siyasət həyata keçirə bilmir. Hər zaman hansısa böyük dövlətin vassalı olan, psevda siyasətçilər yetişdirən bu dövlət yalnız qonşuluqdakı ölkələrlə konfliktə girir və torpaq iddiasında olur. Uzun illərdir ki, Ermənistan belə işğalçı siyasətlə "inkişaf" edib”. 

Bunu TodayPress-ə verdiyi açıqlamada Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib. 

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinin bitməsindən 4 il keçməsinə baxmayaraq, Ermənistan fərqli yollarla sülh müqaviləsinin imzalanması şərtlərinə əməl etməkdən boyun qaçırır. Bununla paralel olaraq Paşinyan hakimiyyəti, XİN başçısı Ararat Mirzoyan, parlament spikeri Alen Simonyan və digərləri dünyaya "sülh göyərçini" obrazı yaratmaqla məşğuldurlar:

“Sözdə sülhdən, tərəqqidən danışanların başı silahlanmağa qarışıb. Sərhəddə isə Avropadan olan təxribatçıları yerləşdiriblər ki, onlar da bu gün "binokl siyasəti" yürüdür. Bütün bunlar hamısı Ermənistanın siyasi elitasının danışıqlarla bağlı atdıqları addımların “blef” olduğunu göstərir. Son zamanlar isə rəsmi İrəvan tez-tez "sülhə yaxınıq", "sülh müqaviləsinin böyük bir hissəsi razılaşdırılıb" və s. kimi bəyanatlar verir. Lakin Azərbaycanın əsas şərtlərini yerinə gətirilməsini yubadır”. 

Millət vəkili danışıqlar prosesinin müsbət tərəflərindən də söz açıb. O, bildirib ki, hər iki ölkə vasitəçi olmadan sərhədlərin delimitasiya və demarkasiya olunması proseslərində nümunə ortaya qoya bilib. Bu isə bütün dünyaya növbəti sübut oldu ki, bizim heç kimə ehtiyacımız yoxdur və özümüz obyektiv formada hər şeyi həll edə bilirik. Azərbaycan tərəfi də məhz bu tezis üzərində durur. 

“Mirzoyanın son bəyanatını pozitiv hesab etmək olar, lakin biz dəfələrlə bu tipli bəyanatların şahidi olmuşuq. Əməli fəaliyyətdə isə uzun müddətdir ki, kövrək olan sülh beynəlxalq hüquqla tanınan rəsmiyyət müqaviləsinə keçmir. Bunun da əsas günahkarı Ermənistanın özüdür. Azərbaycan artıq bu tip bəyanatları yox, Ermənistan tərəfindən sülhə xidmət edən addımları görmək istəyir” deyə Vüqar İskəndərov bildirib.

Qeyd edək ki, ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş olduğunu bildirib. Mirzoyan bunu münasibətlərin normallaşması prosesində müsbət xəbər kimi qiymətləndirib.

Töhfə Səməd

tag: Azərbaycan,Ermənistan,Siyasət ,Xarici, Vüqar İskəndərov,todaypress.az