Vüqar İsgəndərov: “Zəngəzur dəhlizi Çin üçün də maraqlıdır”
Video
13.02.2025 17:57
“Çin Azərbaycana çox böyük maraq göstərir. Son zamanlar bütün sahələrdə iki ölkə arasında münasibət müsbət dinamika ilə inkişaf edir. Bu münasibətlərin inkişafı təbii olaraq daha çox Azərbaycanla bağlıdır”.
Milli Məclisin deputatı Vüqar İsgəndərov bunu TodayPress-ə açıqlamasında deyib. Onun sözlərinə görə, yeni açılan kommunikasiyalar və yaxın zamanda açılacaq Zəngəzur dəhlizi Çin üçün də maraqlıdır:
“Biz iki ölkə arasında faydalı əməkdaşlıq münasibətində maraqlıyıq. Bu sahədə də hər iki ölkə tərəfindən işlər görülməkdədir”.
Deputat, Prezident İlham Əliyevin “Həmçinin bu yaxınlarda biz Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik. Beləliklə, indi Çin vətəndaşları heç elektron viza üçün də müraciət etmək məcburiyyətində deyillər.Ümidvarıq ki, tezliklə Azərbaycan vətəndaşları da bu fürsətdən yararlanacaq” fikrinə də diqqət çəkib:
“Təbii olaraq qarşılıqlı şəkildə viza rejiminin ləğv edilməsi çox faydalı məsələ olacaq. Məsələn, Çin bazarı çox böyükdür və iqtisadiyyatı davamlı inkişaf edir. Çinin demək olar ki, bütün sahələrində çox böyük iqtisadi sıçrayışlar baş verir. Hətta Çinə xarakterik olmayan sahələr belə sürətlə inkişaf etməkdədir. Çin bazarı bugün Azərbaycan üçün də maraqlıdır. Digər tərəfdən, çinlilər gəzməyi sevən xalqdır, dünyada çinli turistlərin sayı kifayət qədər çoxdur. Zamanla Azərbaycana da Çin turistləri gəlir, amma təbii olaraq bu məsələnin həll edilməsi turistlərin sayını dəfələrlə artıracaq, bu da Azərbaycan iqtisadiyyatına töhfə verəcək”.
Parlamentari sonda Çin-Azərbaycan dostluğundan söz açıb:
“Eyni zamanda Cənab Prezident İlham Əliyev də Azərbaycan və Çin arasında olan strateji dostluq münasibətlərinə çox nikbin baxdığını söyləyib. Çin tərəfi də Azərbaycana viza məsələsində güzəştlər etsə, təbii ki, azərbaycanlıların da Çinə axın etməsi müşahidə olunacaq. Qarşılıqlı turist alış-verişinin artması hər iki ölkənin iqtisadiyyatı üçün olduqca faydalı inkişaf seqmentləri yaradacaq. Həmçinin həm Azərbaycan, həm də Çin iş adamları dövlətlər arasında çox yaxşı biznes əlaqələri qurmaqda maraqlıdırlar. Yüksək səviyyəli ticari-iqtisadi əlaqələrin mövcudluğu həm də iqtisadi sahədə ticarətin stimullaşması və daha da inkişaf etməsi anlamına gəlir. Zaman ötdükcə düşünürəm ki, iki ölkə arasındakı münasibətlər tarixin ən yüksək səviyyəsinə çatacaq”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb. Azərbaycan Prezidenti müsahibə zamanı Çin-Azərbaycan əlaqələrindən də danışıb. Nicat Osman
tag: Prezident,İlham Əliyev,Çin,Azərbaycan,Vüqar İsgəndərov,Todaypress.az