Vikipediyadan silinən şəhid məqalələri bərpa olunub?
Video
26.10.2024 09:54
“Çox təəssüflər olsun ki, biz vikipediyada məlumatların yerləşdirilməsinə, Azərbaycan həqiqətlərinin adı çəkilən portal vasitəsilə dünyaya çatdırılmasına o qədər də ciddi yanaşmamışıq”.
Millət vəkili Naqif Həmzəyev bunu TodayPress-ə açıqlamasında deyib. Onun sözlərinə görə, məsələyə ciddi yanaşmadığımız üçün bu sahə üzrə yetərincə mütəxəssisimiz yoxdur:
“Vikipediyada məlumatların yerləşdirilməsi könüllülük fəaliyyətidir. Etiraf edək ki, könüllülük fəaliyyətini o qədər də çox təbliğ edə bilməmişik. Hazırda vikipediyada Azərbaycanla bağlı məlumatlar azlıq təşkil edir. Bəzən isə təhrif edilmiş informasiyalar yer alır. Şəhidlərimiz barədə məlumatlar isə vikipediyada paylaşılarkən qurumun müəyyən etdiyi qaydalara əməl edilməyib. Bu baxımdan qarşı tərəfin etirazı, təzyiqləri nəticəsində silinib. Belə bəhanələrə son qoymaq üçün ilk növbədə bu məlumatların vikipediya qaydalarına uyğunlaşdırılması və yerləşdirilməsinə çalışmalıyıq ki, növbəti xoşagəlməz hadisə ilə qarşılaşmayaq”.
Depuatat hesab edir ki, bu məsələ daim aktual saxlanılmalı və aidiyyəti qurumlar bunu bir siqnal olaraq qəbul etməlidirlər:
“İnanıram ki, bu işə daha çox vəsait ayırsaq, könüllülük əsasında təşkil edilmiş iş kimi yox, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bir platforma kimi yanaşsaq, gələcəkdə buna bənzər problemlərlə qarşılaşmarıq. Faktiki olaraq bu problemin həllinə dair Milli Məclisdə edə biləcəyimiz elə də böyük bir şey yoxdur. Aidiyyəti qurumlar tərəfindən isə bu və ya buna bənzər problemlərin həllinə dair konkret fəaliyyət planı hazırlanmalıdır. Həm Elm və Təhsil Nazirliyi, həm də Azərbaycan Milli Elmlər Akademiyası, eyni zamanda bu məlumatların təhlükəsizliyinə töhfə verə biləcək qurumların vasitəsilə ilə bu problem qismən həll edilə bilər”.
Parlamentarinin qənaətincə, universitetlərdə kifayət qədər tələbələr var ki, onlar arasında düzgün təbliğat aparılsa, çoxlu sayda könüllü vikipediya istifadəçiləri ortaya çıxarıla bilər. Daha sonra onlardan güclü vikipediya mütəxəssisləri yetişdirmək olar.
Qeyd edək ki, bundan öncə Milli Məclisin komitə sədri Fazil Mustafa parlamentin iclasında çıxış edərək vikipediyada yerləşdirilən Azərbaycan şəhidləri haqqında məqalələrin birdən-birə silinməsinə diqqət çəkib. Deputat sözügedən məqalələrin platformanın tələblərinə, qaydalarına uyğun şəkildə hazırlanmasını təklif edib.
Günəş Mərd
tag: Vikipediya, Azərbaycan, Şəhidlər, Platforma, todaypress.az