"Vəziyyət daha qəliz və çətindir”: Yaxın Şərq məhv olmağın astanasındadır?
Video
27.10.2024 15:10
“İranın İsrailə cavab zərbələri endirməsi ehtimalı olduqca azdır”.
Bunu TodayPress -ə verdiyi açıqlamada politoloq Əli Zülfüqaroğlu deyib.
Onun sözlərinə görə, İslam Respublikasının Təl-Əvivə zərbələr endirməsi ilk növbədə öz maraqlarına uyğun gəlmir. Eyni zamanda burada ABŞ-nin mövqeyi də xüsusi rol oynayır. Ağ Ev İsrailin Yaxın Şərqdə savaş coğrafiyasını gerişləndirmək və İranı birbaşa müharibəyə cəlb etmək planlarına qarşı çıxır. Bununla yanaşı, Yaxın Şərqlə bağlı planlar İsraillə Bayden administrasiyasını qarşı-qarşıya qoyur, fikir ayrıqlarına səbəb olur:
“ABŞ çalışacaq ki, ən azından Ukrayna savaşı bitənə qədər Yaxın Şərqdə, xüsusilə də İran-İsrail arasında hərbi toqquşma genişlənməsin. Çünki belə olan halda bu, həm də digər istiqamətlərdə Rusiyanın mövqələrini gücləndirə bilər. Bu baxımdan düşünürəm ki, ən azı 2024-cü ilin sonuna qədər İran-İsrail arasında müharibənin baş verməsi, həmçinin Yaxın Şərqdə münaqişələrin daha da şiddətlənməsi ehtimalı olduqca azdır”.
Analitikin fikrincə, gələn ildən etibarən Yaxın Şərq də daxil olmaqla bir sıra bölgələrdə daha şiddətli müharibələrin baş verəcəyi ehtimalı olduqca yüksəkdir. Çünki faktiki olaraq hazırda normal məntiqlə izah edilməsi mümkün olmayan proseslər baş verir. Ona görə də növbəti dövr üçün regionun sakit və stabil olacağını demək absurd olar. Təəssüf ki, vəziyyət gündən-günə daha qəliz və çətin hal alır.
tag: Yaxın Şərq,Müharibə,Gərginlik,İsrail,İran,Todaypress.az