Vaşinqtonun yeni tarifləri Azərbaycana necə təsir edəcək? – Millət vəkili AÇIQLADI

Video

04.04.2025 18:35

“ABŞ-nin Azərbaycana tətbiq etdiyi yeni tarifi əlavə xərc deməkdir”.   

Milli Məclisin deputatı Vüqar Bayramov bunu TodayPress-ə danışarkən deyib.   

"ABŞ prezidenti Donald Tramp dünya ölkələrinə qarşılıqlı tariflərlə bağlı Fərman imzalayıb. Tariflərin tətbiq olunduğu ölkələr arasında Azərbaycan da var. Bununla ölkəmiz üçün minimal 10% həcmində gömrük rüsumu müəyyən edilib. Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsinin son illər artmasına rəğmən ölkəmiz okeanın o biri tərəfindən daha çox mal idxal edir. Belə ki, 2024-cü ildə Azərbaycan ABŞ-dən 1 milyard 617 milyon dollarlıq mal idxal edib və həmin müddətdə Birləşmiş Ştatlara ixracatımız cəmi 135 milyon 30 min dollar olub. Bu o deməkdir ki, Azərbaycan xarici ticarətdə Birləşmiş Ştatlar ilə 1 milyard 482 milyon dollarlıq mənfi saldoya malikdir”. 

Millət vəkilinin sözlərinə görə, bütün bunlarla yanaşı, ötən il əvvəlki il ilə müqayisədə ABŞ-dən idxalımız 1.8, ixracatımız isə 8.4 dəfə artıb. Yəni, ixracatımızın az olmasına baxmayaraq, artım dinamikası çox yüksəkdir. Bu iş adamlarımız üçün ABŞ-nin yeni ixrac destinasiyasına çevrilməsi anlamına gəlir. 

“Təbii ki, yeni tariflər daha çox qeyri neft-qaz ixrac məhsullarına təsir göstərir. 2024-cü ildə qeyri neft-qaz məhsulları üzrə ABŞ-yə ixracatımız 134 milyon 663 min dollar olub. Azərbaycan mənşəli qeyri neft-qaz məhsulları üzrə isə 55 milyon 949 min dollarlıq ixrac qeydə alınıb. 2024-cü ildə qeyri neft-qaz məhsulları üzrə ümumi ixracatımızın 3 milyard 356 milyon dollar, Azərbaycan mənşəli qeyri neft-qaz məhsulları üzrə ümumi ixracatın isə 2 milyard 883 milyon dollar olduğunu nəzərə alsaq, Birləşmiş Ştatlar ilə bu sahədə əməkdaşlığımız heç də yüksək paya malik deyil. Birləşmiş Ştatlara qeyri neft-qaz məhsulları ixracatımıza gəldikdə isə, 2024-cü ildə dünyanın ən güclü iqtisadiyyatına malik ölkəsinə 6 milyon 508 min dollarlıq polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr, 593 min dollarlıq heyvanların bağırsaqları, kisəcikləri və mədələri, təzə, soyudulmuş, dondurulmuş məhsullar, 410 min dollarlıq tropik və digər meyvələrin şirələri, 279 min dollarlıq nərə balıqlarının kürüsü, 242 min dollarlıq saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağı, 177 min dollarlıq meyvələrdən cemlər, meyvə jelesi və mürəbbələr, meyvə püreləri, pastaları və digər məhsulları ixrac etmişik”. 

Parlamentari nəticə olaraq bildirib ki, Azərbaycanın Birləşmiş Ştatlara qeyri neft-qaz ixracatı böyük məbləğdə olmasa da, mal qrupları üzrə şaxələnib. Deməli, Vaşinqtonun tarifləri Azərbaycanın ABŞ-yə ixracatına ciddi təsir göstərməsə də, ümumi artım dinamikasına təsir edə bilər. 

 “Sözsüz, bütün hallarda yeni tarif yeni xərc deməkdir. Yəni, Birləşmiş Ştatlara ümumi ixracatımızdakı artım faizinin azalacağı istisna deyil. Eyni zamanda, Birləşmiş Ştatlara göndərdiyimiz məhsullar daha çox spesifik olduğu üçün 10 faizlik tarif həmin məhsulların bazardakı mövqeyinə təsir göstərməyə bilər.  Amma bütün hallarda, yeni tariflər dünya iqtisadiyyatında yeni mərhələnin başlanmasıdır” deyə o, nitqini sonlandırıb.   

Qeyd edək ki, Tramp müvafiq qərarı aprelin 2-də imzalayıb. Fərmana əsasən, ən yüksək tarif 48% ilə Laos Xalq Demokratik Respublikasına tətbiq olunacaq.

Siyahıda azalan sıra ilə Madaqaskar (47%) və Vietnam (46%) ilk 3-lüyü təşkil edir. Ən aşağı tarif hesab olunan 10%-lik hissədə isə Böyük Britaniya da daxil olmaqla, Azərbaycan, Brazilya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər dövlətlər yer alıb. 

Töhfə Səməd

tag: Milli Məclis,Vüqar Bayramov,Tarif,ABŞ,Azərbaycan ,Todaypress.az