Van Yinin Moskva səfəri: “Tramp Rusiyanı oyundan kənarlaşdırıb Çinlə mübarizəni davam etdirəcək” – ŞƏRH
Video
31.03.2025 10:22
"Kreml Vaşinqtonla dialoqu genişləndirməyə və Ağ Ev administrasiyası ilə siyasi və iqtisadi sahədə razılaşmalar əldə etməyə çalışsa da, strateji tərəfdaşı Pekini də unutmur".
TodayPress xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Rusiya-Çin ittifaqını zəiflətmək istəyir, bu isə Kremlin siyasətinə ziddir.
Bu səbəbdən Kreml, Vaşinqtonla apardığı danışıqlar barədə mütəmadi olaraq Pekini xəbərdar edir ki, Çin rəhbərliyində Rusiyanın siyasəti ilə bağlı heç bir şübhə yaranmasın:
"Çin xarici işlər naziri Van Yi aprelin 1-də Moskvaya səfər edərək rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Nazirlərin görüşündə Ukrayna münaqişəsinin həlli yollarının müzakirəsi göstərilib. Bunun özü də Moskva ilə Vaşinqton arasındakı dialoqa aiddir. Çünki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə məşğul olan əsas vasitəçi dövlət Amerika Birləşmiş Ştatlarıdır. Kreml Pekini Vaşinqtonla aparılan danışıqlardakı detallar barədə məlumatlandırmaq istəyir".
Politoloqun fikrincə, Pekin Moskva ilə münasibətlərdə rusların atalar sözlərində olduğu kimi, “inan, ancaq yoxla” prinsipində çıxış edir. Onun sözlərinə görə, Tramp Rusiyanı oyundankənar vəziyyətə salıb Çinlə mübarizəni davam etdirmək istəyir.
Analitik bildirib ki, Pekin Trampın bu planından narahatdır. Qeyd edək ki, aprel ayının əvvəlində ABŞ-nin Çinə qarşı yeni sanksiyaları işə düşəcək. Ağ Ev administrasiyası Rusiyaya qarşı isə sanksiyaları yumşaltmağa çalışır. Rusiya və ABŞ diplomatlarının Səudiyyə Ərəbistanında apardıqları danışıqların mərkəzində məhz sanksiyaların tədricən yumşaldılması dayanıb.
Türkan İsgəndərli
tag: Politoloq,Elxan Şahinoğlu,Tramp,Rusiya,Çin,Todaypress.az