“Vahid türk dili yaradılmalıdır”
Video
10.07.2024 11:56
“Artıq biz ancaq türk dilindən istifadə etməliyik”.
Türkoloq Faiq Ələkbərov bunu TopdayPress-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yeni yetişən nəsil, TDT-yə daxil olan və ya olmayan bütün türk xalqları bundan sonra ortaq bir türk dilində danışmalıdırlar.
“Vahid türk dili modeli artıq türk xalqlarının elmində, təhsilində və siyasi məsələlərində ortaq bir şəkilə gəlməli, real bir işə çevrilməlidir. Vahid türk dili modelinin yaradılması və onun əsasında hərəkət etməyimiz olduqca vacibdir. Artıq biz türk xalqları olaraq türk dili çərçivəsində fəaliyyət göstərməliyik. Rus, ingilis və yaxud başqa bir dildə ünsiyyətimiz olmamalıdır. Günümüzün reallıqlarını nəzərə alsaq, bunun olduqca vacib olduğunu deyə bilərik”.
Türkoloq qeyd edib ki, bütün türk xalqlarını birləşdirən ən güclü meyar ortaq dildir:
“Ortaq dilimizin, ortaq əlifbamızın olması bizi, türk dövlətlərini daha da gücləndirəcək. Artıq istər siyasi, istərsə də hərbi, elmi sahədə insanlarımız bir-biri ilə rahat şəkildə türk dilində danışmağı yazmağı və hərəkət etməyi öyrənməlidir. Məhz bunun fonunda TDT də güclü birliyə çevriləcək”.
Xatırladaq ki, iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşündə Qarabağ Bəyannaməsi imzalandı. Bəyannamədə qeyd olunan məsələlərdən biri də TDT-yə üzv dövlətlərin böyük dil modelinin yaradılması idi.
Günəş Mərd