“Ukrayna heç bir Minsk razılaşmasına imza atmayacaq” - Ramiz Yunus AÇIQLADI
Video
20.02.2025 16:25
“Əvvəlcə ABŞ prezidenti Donald Tramp Davosda, daha sonra isə onun komandası Münhen konfransında həm müttəfiqlərinə, həm də rəqiblərinə açıq şəkildə qarşılıqlı münasibətlərdə qaydaların dəyişdirilməsinin vaxtının çatdığını bildirib. Çünki İkinci Dünya müharibəsindən sonra qurulan və SSRİ-nin dağılmasına qədər fəaliyyət göstərən köhnə dünya nizamı artıq mövcud deyil”.
TodayPress xəbər verir ki, politoloq Ramiz Yunus bu barədə öz “Facebook” hesabında yazıb.
Analitik vurğulayıb ki, soyuq müharibədəki qələbədən sonra kollektiv Qərbin, xüsusilə də ABŞ-nin qərarsızlığı və siyasi uzaqgörənlikdən məhrum olması, dünyanı bu gün elə təhdidlər və risklərlə üz-üzə qoyub ki, ABŞ-nin liderliyi olmadan onlarla mübarizə aparmaq prinsip etibarilə mümkün deyil. Bu, o cümlədən Avropanın təhlükəsizliyinə də aiddir:
“Göründüyü kimi, ABŞ-nin hazırkı administrasiyasının NATO və Avropa İttifaqındakı müttəfiqlərinə qarşı sərgilədiyi sərt mövqe, Avropanı nəhayət ki, sözlərdən əməli addımlara keçməyə və qitədə baş verən hər şeyə, o cümlədən Ukraynanın təhlükəsizliyinə təminat verməyə məsuliyyətlə yanaşmağa vadar edə bilər. İndi biz Avropa İttifaqı və NATO-nun hansı ölkələri Ukraynaya əsgər göndərməyə və bu ölkəyə təhlükəsizlik zəmanətləri üçün nə qədər maliyyə ayırmağa hazır olduğunu görəcəyik. Unutmayın ki, Ukrayna Budapeşt Memorandumunda edilən xəyanəti unutmayıb və bu səbəbdən daha heç bir Minsk razılaşmasına imza atmayacaq”.
R.Yunus vurğulayıb ki, burada söhbət təkcə Ukraynanın deyil, həm də Avropanın və onun bütün siyasi institutlarının, o cümlədən NATO və Avropa İttifaqının gələcəyindən gedir. Məşhur irlandiyalı şair Oskar Uayldın sözləri ilə desək: "Vicdan — qorxaqlığın rəsmi adıdır".
Nicat Osman
tag: ABŞ,Donald Tramp,Ramiz Yunus ,NATO,Avropa,Todaypress.az