Uğurlu diplomatiya, gələcəyə zəmanət: “Bu ölkələr üçün əhəmiyyətli potensial var” – ŞƏRH
Video
09.04.2025 15:11
“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları dünyada böyük geosiyasi transformasiyalar fonunda Azərbaycandan Avropa istehlakçılarına dayanıqlı, sabit və təhlükəsiz enerji təchizatı istiqamətində daha bir mühüm addımdır”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bunu TodayPress-ə açıqlamasında deyib.
O, qlobal qaz bazarındakı tələbat və Azərbaycanın ixrac rolu barədə danışıb:
“Nəzərə almaq lazımdır ki, qlobal qaz tələbatı 1970-ci illərin əvvəlindən bəri dörd dəfədən çox artıb və təbii qaza olan qlobal tələbatla bağlı perspektivlər əvvəlki illərdən daha maraqlı görünür.
Bu baxımdan Cənub Qaz Dəhlizi son 50 ildə dünyanın neft-qaz sənayesi tarixində ən mühüm ixrac güclərindən sayılır. Ümumiyyətlə, təbii qaz dünyanın müxtəlif regionlarında fərqli tələbat trayektoriyaları və fərqli rollarla üzləşəcək.
Azərbaycanın qaz ixracı güclərinin konfiqurasiyası Avropaya yönəldiyindən, kəmərin keçdiyi enerji bazarlarında Azərbaycan qazı üç funksiyanı yerinə yetirəcək:
1. Bir çox bazarlarda təbii qaz enerjiyə çıxışın yaxşılaşdırılmasında və orta müddətli iqtisadi artımın dəstəklənməsində “inkişaf üçün yanacaq” kimi əsas rol oynayacaq;
2. Azərbaycan qazının daxil olduğu digər bazarlarda təbii qaz “dəyişdirici yanacaq” rolunu oynayacaq. Bu, ümumi enerji tələbatında hələ də daş kömürdən asılı qalan Mərkəzi və Şərqi Avropa ölkələrinə aiddir. Bu ölkələr üçün kömürdən təbii qaza keçid üçün hələ də əhəmiyyətli potensial var. Bu isə Azərbaycan qazının Avropa bazarında “dəyişdirici yanacaq” statusunu artıracaq.
3. Bərpa olunan enerji mənbələrinin sürətli inkişafının təbii qaz istehlakına təsir etdiyi bazarlarda belə, təbii qaz “ehtiyat yanacaq” kimi artan rol oynayacaq. Bu, Azərbaycan qazının dayaq tapdığı Avropa qaz bazarına aid xarakterik haldır və Azərbaycanın aktivində olan qaz yataqlarından hasil edilən metan tərkibli qazın Avropa qaz bazarlarında “ehtiyat yanacaq” rolunu artıracaq”.
Ekspert Azərbaycanın qaz diplomatiyasının qarşıdakı illərdəki funksiyasına da toxunub: “Bu baxımdan Azərbaycanın qaz diplomatiyası gələcək illərdə region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə, sabit qaz qiymətləri ilə iqtisadiyyatların dəstəklənməsinə xidmət edəcək”.
Qeyd edək ki, aprelin 4-də Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib ki, Avropada bizim təbii qaza ehtiyac olacaq.
Dövlətimizin başçısı əlavə edib:
“Əgər bizdə belə bir təminat olmasa, onda investor sərmayə yatırmayacaq, ölkəyə sərmayə yatırmayacaq. Beləliklə, təbii qazın böyük bir qıtlığı yaranacaq. Bizim ehtiyatlar məlumdur. Biz yeni yerlərdən yeni hasilatın başlamasını gözləyirik”.
Qiymət Mahir
tag: Zəfər Vəliyev,Ekspert,Qaz,Enerji,Diplomatiya,Todaypress.az