Üfunətə bürünən Hövsan – Sakinlərin fəryadına niyə qulaq verən yoxdur?
Video
19.07.2024 10:07
Konfutsi yüzillər bundan öncə deyib ki, hər kəs evinin önünü süpürsə, küçələr təmiz olar. Lakin yaşadığımız yerin təmizliyi sadəcə bizdən asılı deyil.
Elə Suraxanı rayonu Hövsan qəsəbəsi kimi. Qəsəbə sakinləri yay mövsümü başlayandan bəri axşamlar naməlum üfunət iyi ilə mübarizə aparırlar. Vətəndaşların sözlərinə görə, gündüzlər həmin iy sanki qeybə çəkilir. Amma gecə olan kimi, üfunət qoxusu, qülyabanı kimi ortaya çıxmağa başlayır. Qoxunun təsirindən evini tərk edib, qohumlarıgilə üz tutanlar da var.
TodayPress-ə şikayət ünvanlayan Hövsan sakinlərinin sözlərinə görə, kanala kanalizasiya suları ilə yanaşı, tərkibi zəhərli kimyəvi maddələrlə zəngin olan çirkab sular da axır. Bu, həm qəsəbə sakinlərinin həyatı, həm də dənizdə yaşayan canlılar üçün təhlükəlidir. Amma təəssüf ki, buna məhəl qoyulmadığından problem xüsusilə də yayın qızmar çağında daha da ciddiləşir. Sakinlər davamlı olaraq şikayət etsələr də, hələ ki, bir nəticə əldə etməyiblər. Onlar məsələnin tez bir zamanda həll olması üçün rəsmi qurumların dərhal işə keçməsini xahiş etdilər.
Mövcud problem ilə bağlı ilk olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirdi ki, məsələyə ilk növbədə Suraxanı İcra Hakimiyyəti və Hövsan Bələdiyyəsi reaksiya verməlidir. "Çünki nəsə problem olduqda ilk növbədə “ev sahibləri” müdaxilə etməlidir, daha sonra Ekologiya Nazirliyi” deyən xanım mətbuat katibi, əraziyə nazirliyin bir qrup əməkdaşının ezam ediləcəyini də əlavə etdi.
Hövsan Bələdiyyə sədri Elbrus Xəlilov məsələ ilə bağlı onlara daha əvvəl də zəng gəldiyini dedi. Onun sözlərinə görə, həmin qoxu neft buruqlarından çıxan tullantı sularının Balaxanıdan başlayaraq, boru vasitəsilə Hövsana tökülməsi nəticəsində yaranır. Bələdiyyə sədri həmin qoxunu təyin etməyin onların işi olmadığını, bunun bir başa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qrupunun vəzifə borcu olduğunu xatırlatdı.
İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva isə müraciətimizə cavab olaraq bildirdi ki, qaldırılan məsələnin hərtərəfli araşdırılaraq müvafiq tədbirlərin görülməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktub ünvanlanıb.
Bütün iddiaları nəzərə alaraq yenidən üz tutduq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə. Mətbuat xidmətindən sərt formada bildirildi ki, bələdiyyənin iddiası tamamilə əsassızdır. İcra Hakimiyyətinin ünvanladığı müraciət isə anlamsızdır:
“Sizin evinizdə nəsə olanda usta sizə zəng edir ki, gəlim evini təmir edim? Evin sökülüb dağılır onu düzəldim? Onlar nə deyibsə, özləri üçün. Onlar bizə məktub ünvanlamamalıdır”.
Bu yerdə “Evləri köndələn yar” filmindəki epizod yada düşdü:
“Şap elə bilir şupdadır, şup elə bilir şapdadır.."
Ümidvarıq ki, məsələ bu şəkildə qalmaz. Uzun illərdir sakinləri narahat edən bu problem də tezliklə öz həllini tapar.
Töhfə Səməd