Türkiyə beynəlxalq güclərin diqqət mərkəzində: Vaşinqtona ilk səfərdən nələr gözlənilir? – ŞƏRH
Video
27.03.2025 16:03
“Türkiyənin beynəlxalq problemlərin həllindəki rolu və strateji əhəmiyyəti ABŞ və Avropa İttifaqı (Aİ) daxil olmaqla, böyük güclərin diqqət mərkəzindədir”.
Politoloq Azər Qasımov bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, Türkiyə artıq beynəlxalq güclərə öz əhəmiyyətini qəbul etdirib və bəzi hallarda müstəqil xarici siyasəti ilə həmin güclərin fəaliyyətini üstələməyi də bacarıb:
“Hazırda ABŞ administrasiyası Türkiyənin regionda oynadığı rola anlayışla yanaşır. Xüsusilə ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi münasibətləri yüksək səviyyədədir. Donald Tramp administrasiyasının Türkiyəyə münasibəti indiyədək birmənalı olmayıb, lakin Trampın prezident Ərdoğana qarşı münasibəti hər zaman müsbət olub. Hesab edirəm ki, iki lider arasında şəxsi münasibətlər yaxşı olduğu üçün ABŞ və Türkiyə əlaqələri bundan sonra müsbət istiqamətdə inkişaf edəcək. Rəsmi Ankara isə həm xarici siyasət, həm də hərbi sahədə bundan mütləq qazanacaq”.
Politoloq Türkiyənin xarici siyasət kursunun tarixi ənənələrə əsaslandığını diqqətə çatdırıb:
“Lakin daxildə mövcud olan siyasi qarşıdurmanın səngiməsi çox vacibdir. Çünki Türkiyənin daxilində və ABŞ-də mövcud vəziyyəti fürsət bilib, çirkin oyunlar oynamaq istəyən qüvvələr də kifayət qədərdir”.
Azər Qasımov yekun olaraq bildirib ki, daxili sabitlik təmin edildiyi halda Türkiyə beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirəcək. Qeyd edək ki, martın 25-də ABŞ-nin yeni administrasiyası dövründə Türkiyədən Vaşinqtona ilk rəsmi səfər olacaq. Vaşinqtona səfər edəcək Türkiyənin xarici işlər naziri Hakan Fidan burada ABŞ dövlət katibi Marko Rubio və digər rəsmilərlə görüşəcək.
Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, görüşlər zamanı Türkiyə-ABŞ münasibətlərində atıla biləcək strateji addımlar və qarşıdakı dövrdə dövlət başçıları səviyyəsində keçiriləcək görüşlərin hazırlıqları müzakirə ediləcək. Danışıqlar zamanı, həmçinin Rusiya-Ukrayna və İsrail-Fələstin qarşıdurmalarının hazırkı vəziyyəti və Suriyadakı son hadisələr başda olmaqla, iki ölkəni maraqlandıran regional məsələlər, eləcə də bu çərçivədə əməkdaşlıq imkanları dəyərləndiriləcək.
Qiymət Mahir
tag: Azər Qasımov ,Politoloq,Türkiyə,Hakan Fidan,Todaypress.az