Türk dünyasının Şuşa toplantısı: Qarabağdan dünyaya veriləcək mesaj – RƏY
Video
05.07.2024 15:35
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Türk dövlətlərinin inkişafı və daha güclü əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm hadisə hesab edilən bu görüşlərdən gözləntilər olduqca yüksəkdir.
Mövzu ilə bağlı TodayPress-ə açıqlama verən, politoloq Oqtay Qasımovun sözlərinə görə, toplantı zamanı türk dövlət başçıları Təşkilatın gələcəyi və ümumiyyətlə, bu dövlətlər arasında inteqrasiya prosesləri ətrafında fikir mübadiləsi aparacaqlar.
Politoloq düşünür ki, burada müzakirə olunacaq məsələlərin istiqamətləri çoxşaxəlidir. İlk növbədə ölkələr arasında mədəni, humanitar əlaqələrin gücləndirilməsi, iqtisadi, o cümlədən ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların qoyulması, texniki və hərbi məsələlərlə bağlı əməkdaşlıq müzakirə ediləcək.
“Orta Dəhliz məsələsi də TDT-nin gündəliyində mühüm yer tutur. Həmin dəhlizin keçəcəyi coğrafiya türk dövlətlərinin ərazisini təşkil edir. Həmçinin Transxəzər layihəsinin həyata keçirilməsi, o cümlədən Mərkəzi Asiyada istehsal olunan yaşıl və bərpa olunan enerjinin Avropaya nəqli ilə bağlı məsələlər də müzakirə olunacaq”.
Digər bir mühüm məqam isə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarın bu görüşə dəvət edilməsidir. Hazırda Şimali Kipr Türk Cümhuriyyəti təşkilatın tam şəkildə üzvü deyil. Buna görə də müşahidəçi qismində iştirak edir.
Oqtay Qasımovun qənaətincə TDT rəhbərlərinin Şuşada baş tutacaq görüşü bir daha bu ərazilərlə bağlı beynəlxalq hüququn və türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünə verdiyi sarsılmaz dəstəyin ifadəsi olacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçiriləcək toplantıda Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan prezidentlərinin iştirakı gözlənilir. Bununla yanaşı, sammitə təşkilata müşahidəçi qismində üzv olan dövlətlərin liderləri, eləcə də qurumun Baş katibi də qatılacaq.
Töhfə Səmədova
tag: Türk Dünyası, Qarabağ, Oqtay Qasımov, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, todaypress.az