Turan İttifaqına dəstək: Sərhəd problemi həll olunur... - ŞƏRH
Video
01.04.2025 18:17
“Tacikistan, Qırğızıstan və Özbəkistan arasında sərhəd probleminin həll olunması Türk dünyasının güclənməsi üçün olduqca vacibdir”.
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev bunu TodayPress-ə danışarkən deyib.
O xatırladıb ki, adı çəkilən 3 respublika vaxtilə SSRİ məkanında eyni bayraq altında bir dövləti təmsil ediblər. İttifaq dağıldıqdan sonra hər bir ölkə öz müstəqilliyini bəyan etsə də, sərhədlərin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi ilə bağlı bir sıra problemlər meydana çıxıb:
"Ümumilikdə Orta Asiya respublikaları iqtisadi və siyasi baxımdan mürəkkəb coğrafiyaya malikdir. Çünki hər üç dövlətin həm öz daxilində, həm də sərhədlərində yerləşən qonşu respublikalarla müəyyən qarşıdurmaları mövcuddur. Eyni zamanda, hazırda Orta Asiya respublikaları ABŞ başda olmaqla Qərbin maraq dairəsindədir. Bu ölkələr arasında stabilliyin təmin olunması və gərginliyin aradan qaldırılması üçün dövlət başçıları mütləq bir araya gələrək fikir mübadiləsi aparmalı və ortaq həll yolu tapmalıdırlar. Əks tqdirdə xarici qüvvələr mövcud gərginliyi qızışdırmaq və öz maraqları naminə istifadə etmək cəhdlərindən çəkinməyəcəklər. Bu, inkarolunmaz faktdır".
Analitikin fikricə, 3 ölkə baçısının bir araya gələrək razılıq əldə etməsi bölgədə sabitliyin bərqərar olmasına töhfə verə bilər. Bununla yanaşı, bu dövlətlər müstəqil ölkələr birliyi platformasında əməkdaşlıq edirlər. Eyni zamanda Orta Asiya respublikaları Türk Dövlətləri Təşkilatının da diqqət mərkəzindədir. Bu səbəbdən, Tacikistan, Qırğızıstan və Özbəkistan arasında sabitlik təmin olunmalıdır ki, müəyyən platformalarda əməkdaşlıq daha səmərəli həyata keçirilsin. Çünki Orta Asiya respublikaları Turan İttifaqının formalaşması üçün əsas bölgələrdən biridir.
“Bu baxımdan, Orta Asiya respublikaları arasında mövcud problemlərin həlli ümumi maraqlara xidmət edir. Ölkə başçıları arasında tədbirin həyata keçirilməsi təqdirəlayiq addımdır” deyə o nitqini sonlandırıb. Qeyd edək ki, martın 31-də tarixdə ilk dəfə olaraq, Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentlərinin Xucənddə üçtərəfli görüşü baş tutub. Özbəkistan, Tacikistan və Qırğızıstan prezidentləri Şavkat Mirziyoyev, Emoməli Rəhmon və Sadır Japarov üç ölkənin dövlət sərhədlərinin qovşağında yerləşən Dostluq stelasının açılış mərasimində iştirak ediblər. Üç ölkənin baş nazirinin müavinləri videokonfrans vasitəsilə dövlət başçılarına tikinti işlərinin başa çatması və obyektin tam hazır olması barədə məlumat veriblər.
Töhfə Səməd
tag: Turan İttifaqı,Türk dünyası,Təhlil,Sərhəd,Azad Məsiyev,todaypress.az