Trampın Cənubi Qafqaz siyasətindən nələr gözlənilir? – PROQNOZ
Video
16.03.2025 16:41
“Amerika Birləşmiş Ştatları (ABŞ) indiki administrasiya dönəmində Azərbaycana çox ehtiyac duyur və yaxın gələcəkdə bunun nəticələrini görəcəyik”.
Siyasi ekspert Azər Həsrət bunu TodayPress-ə danışarkən deyib.
O, ABŞ-nin hazırkı prezidenti Donald Trampın Cənubi Qafqaz məsələsində sələfindən ciddi şəkildə fərqli yanaşma sərgilədiyini bildirib:
“Tramp hələ ki, müsahibələrində, sosial media paylaşımlarında şəxsən Cənubi Qafqazla bağlı hər hansı fikir səsləndirməyib. Nə Azərbaycanın, nə Ermənistanın, nə də Gürcüstanın adını çəkib. Hazırda onun administrasiyası da bu məsələdə çox fəal görünmür. Sadəcə bir müddət öncə ABŞ-nin dövlət katibi Marko Rubio qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə Cənubi Qafqazda təhlükəsizlik məsələlərini də müzakirə etdikləri haqqında paylaşım etmişdi. Amma fəal şəkildə hər hansı iş gördüklərini deyə bilmərik”.
A.Həsrətə ABŞ-nin İranla bağlı addımlarına da diqqət çəkib:
“Məlumdur ki, İranla münasibətlərdə Donald Trampın daha fəal yanaşma sərgiləməsi gözlənilir və ilkin addımlar da atılıb. Hətta İran tərəfinə müraciət göndərildi və müraciətin daxil olduğu da İran tərəfindən artıq təsdiqlənib. Bundan sonra da İranla bağlı ciddi addımların atılması gözlənilir. Belə şəraitdə Azərbaycan Birləşmiş Ştatlara çox gərəkli olacaq və bu baxımdan ABŞ-nin Ermənistana, Gürcüstana deyil, məhz Azərbaycana doğru gəlməsi gözlənilir”.
Analitik Donald Tramp və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin münasibətlərinin də yüksək səviyyədə olduğunu xatırladıb:
“Hətta Donald Tramp prezident seçildikdən sonra Prezident İlham Əliyev onu təbrik etdi. Cozef Baydendən fərqli olaraq, Trampın dönəmində Azərbaycanla bağlı ciddi gəlişmələr gözləyə bilərik. Ümumiyyətlə, Trampın prezidentliyi Azərbaycan üçün zərərli deyil. Unutmayaq ki, 44 günlük Vətən müharibəsi də Donald Trampın prezidentliyi dövründə gerçəkləşdi və ABŞ bu prosesdə Azərbaycana hər hansı əngəl törətmədi. Tramp indi də prezidentdir və Azərbaycanın bir çox strateji məsələləri var ki, onların həllində ABŞ-nin çox böyük yardımı ola bilər. Ən azından loyal qalması və Azərbaycana mane olmaması gözlənilir. Bu da bizim üçün ən vacib amildir”.
Qeyd edək ki, Tramp administrasiyasının Cənubi Qafqaz siyasətinin daha praqmatik və strateji maraqlara əsaslanan kurs götürəcəyi ehtimal edilir. Bu siyasət çərçivəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində və Yaxın Şərq strategiyasında mühüm oyunçu kimi çıxış edəcəyi gözlənilir. ABŞ-nin Ermənistanla münasibətlərinin soyuması, Gürcüstanla isə daha balanslı əməkdaşlıq qurması mümkündür.
Qiymət Mahir
tag: ABŞ,Tramp,Cənubi Qafqaz,Azərbaycan,Azər Həsrət,todaypress.az, Fotolar: