Trampın "B" planı işə düşdü - Neft ucuzlaşır, Azərbaycanı nələr gözləyir?

Video

09.04.2025 18:04

"Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə dünya bazarında neftin ucuzlaşması prosesi sürətlənir. Bu proses Azərbaycana da təsirsiz ötüşmür".   

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bunu TodayPress-ə danışarkən bildirib.   

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsini dayandırmaq üçün ilk olaraq siyasi danışıqlara əsaslanan "A" planını reallaşdırmağa çalışıb, lakin bu danışıqlar öz töhfəsini verməyib:     

"ABŞ may ayında hasilatı daha 400 milyon barel artırmağı planlaşdırır. Bu addım enerji bazarında qiymətlərin aşağı salınmasına xidmət edir. Trampın kürsüyə əyləşməsindən üç aya yaxın vaxt keçir və o, Rusiya prezidenti Vladimir Putinlə razılaşa bilmir. Buna görə, "B" planı işə salınıb. Tramp Rusiyaya iqtisadi təzyiq göstərmək məqsədilə neftin qiymətinin 40 dollaradək endirilməsini hədəfləyib. Bunun ardınca bazarın özünün xüsusi təsirləri, əlavə effektləri qiymətləri bir qədər də aşağı sala bilər". 

Ekspert bildirib ki, Amerika dünya bazarında enerji qiymətlərinin ucuzlaşdırılmasını özünə hədəf götürüb və bu, Azərbaycan iqtisadiyyatına da mənfi təsirlər edə bilər.     

"Azərbaycan Dövlət Neft Fondunda 60 milyard dollar aktiv var. Həmin aktivlər nağd pul deyil, qeyri-likvid vəsaitdir. Həmin vəsaitin likvidləşdirilməsi özü problemdir. Dünya iqtisadiyyatı böhrana doğru getdiyi üçün daşınmaz əmlak və səhmlər kimi aktivlərin dəyəri azala bilər. Bu gün 60 milyardlıq aktivlər sabah 30, 20, 15  milyarda qədər dəyər itirə bilər".     

Akif Nəsirli hesab edir ki, bu proses uzun müddət davam edərsə, ölkəni yeni devalvasiya təhlükəsi gözləyə bilər.   

Qeyd edək ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,5 ABŞ dolları, yaxud 2,15 % azalaraq 68,14 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.   

Türkan İsgəndərli

tag: Akif Nəsirli,Ekspert,Tramp,Azərbaycan,Todaypress.az