Tramp sülh oyununda: Ukrayna ərazi qarşılığında sülhə razı olacaq? – TƏHLİL
Video
14.02.2025 18:25
“Qərbin ötən 3 il ərzində Rusiya-Ukrayna müharibəsinə baxışına və verdiyi dəstəyə nəzər saldıqda görürük ki, burada ilk məqsəd Rusiyanı "savaş bataqlığı"na çəkib zəiflətmək və NATO-nun şərqə doğru genişləndirilməsi olub”.
Politoloq Rəşad Bayramov bunu TodayPress-ə danışarkən deyib.
Analitik ABŞ prezidenti Donald Trampın təzyiqi ilə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün müvafiq fəaliyyətə başlanıldığını bildirib:
“Bu məqamda Qərb Ukraynanın nəinki 2014-cü il, yəni Krımın işğalından əvvəlki sərhədlərinə, heç 21 fevral 2022-ci ilə qədər olan sərhədlərinə - Rusiyanın “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublika”sını müstəqil dövlət kimi tanıması ilə başlayan müharibəyə qədər olan sərhədlərinə qayıtması haqqında da düşünmür. Ukraynanın bütün ərazilərini geri qaytarmasının mümkünsüzlüyü təkcə Tramp və ya ABŞ müdafiə naziri tərəfindən deyil, eləcə də NATO-nun keçmiş baş katibi və ayrı-ayrı Avropa İttifaqı rəsmilərinin də dilindən səsləndirilib. Rusiya-Ukrayna müharibəsində Kiyevin əsas sponsoru olan ABŞ üçün ərazilərin geri qaytarılmasından daha vacibi Ukraynaya indiyə qədər edilmiş və bundan sonra da ediləcək yardımların əvəzini almaqdır. ABŞ və onun Qərb tərəfdaşları müharibənin başlaması və uzun illər ərzində davam etməsi ilə onsuz da qarşılarına qoyduqları məqsədlərə çatıblar. İndi isə müharibənin dayandırılması ilə növbəti məqsədi təmin etmək istəyirlər. Bu isə Ukraynanın dəyəri trilyon dollarlarla ölçülən təbii ehtiyatlarla zəngin ərazilərinə bu və ya digər şəkildə nəzarəti ələ keçirmək, həmin təbii sərvətlərdə pay sahibi olmaqdan ibarətdir”.
Politoloq qeyd edib ki, ABŞ Trampın timsalında bunu gizlətmir. Tramp fevralın 3-də verdiyi açıqlamada açıq şəkildə bəyan edib ki, ölkəsinə Ukraynadakı nadir təbii ehtiyatlardan istifadəyə girişə icazə verilməsi üçün Kiyevlə razılığa gəlmək istəyir. Tramp məhz bunun qarşılığında Kiyevə yardımın davam etdiriləcəyinə işarə edib:
“Bütün bunlar onu göstərir ki, Tramp müharibənin dayandırılmasına nail olsa belə, indiki halda işğal altında olan ərazilərin böyük hissəsi Rusiyanın nəzarətində qalacaq. Digər tərəfdən isə ABŞ Ukraynanın təbii ehtiyatlarına çıxış əldə etməklə öz maraqlarını təmin etmiş olacaq. Təbii ki, söhbət Rusiyada qalacaq ərazilərin Ukrayna və ya beynəlxaq birlik tərəfindən Rusiya ərazisi kimi tanınmasından getmir. Yəni, Krımla vəziyyət necədirsə, bundan sonra Donetsk və Luqanskla bağlı məsələ də eyni olacaq”. R.Bayramovun qənaətincə, Rusiya tərəfindən işğal olunan ərazilər Rusiyada qalacaq, amma heç kim tərəfindən tanınmayacaq.
Qiymət Mahir