Torpaq almaq istəyənlərin diqqətinə: Qiymətlər...
Video
06.03.2025 17:37
Milli Məclisin komitə iclasında səsləndirilən fikirlərə görə, artıq bələdiyyələr torpaqlara qiymət təyin edə bilməyəcəklər. Təklifə əsasən, bu, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən ediləcək.
Mövzu ilə bağlı TodayPress-ə danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, artıq qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən hər kəs Dövlət İmtahan Mərkəzində imtahan verməli və müvəffəqiyyət qazandıqdan sonra Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olmalıdır. O, hesab edir ki, bu tələblər sözügedən sahədə qeyri-peşəkarların fəaliyyətinin qarşısını alacaq.
“Bələdiyyə və digər sahələrdə artıq qiymətləndirmələrlə bağlı olan hissələr Qiymətləndiricilər Palatası üzvü olan şəxslər tərəfindən aparılacaq. Palata üzvü olan qiymətləndiricilərin hər hansısa bir əmlak, avtomobil və digər sahələrdə verdikləri qiymətləndirmə rəyləri qurum tərəfindən yoxlanılacaq və daha sonra təsdiq olunacaq. Bu onu deməyə əsas verir ki, artıq ölkədə bu sahəni bilməyən şəxslər qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilməyəcəklər”.
Ekspert bildirir ki, bu qərar torpaq alqı-satqısında süni qiymət artımının qarşısını alacaq.
“Qiymətləndirmə fəaliyyəti ilə bağlı rüsumlar müxtəlif aralıqda dəyişir. Təbii ki, dövlət sifarişi olan qiymətləndirmələr digərlərindən daha fərqlənir ki, bu da vətəndaşın torpaqlarının hərrac vasitəsilə satılması zamanı ərazi üzrə düzgün qiymət qoyulmasına xidmət edir. Bələdiyyələr artıq torpaqların hərrac vasitəsilə satışı zamanı qiymətləndirmə fəaliyyətindən məhrum olacaq ki, bu da bir növ həmin torpaq sahələrinin sırf peşəkarlar tərəfindən qiymətləndirilməsinə xidmət edəcək. Qiymətlər ərazi üzrə təyin olunacaq. Bunun köməyilə süni artım hallarının qarşısı alınacaq”.
Türkan İsgəndərli