TodayPress "narkomanların yuvası"nda oldu: Vahiməli məkandan ÖZƏL REPORTAJ

Video

20.07.2024 11:45

Narkotik istifadəçiləri Bakının Yasamal rayonunda baxımsız vəziyyətdə olan bəzi ərazilərini özləri üçün sığınacağa çeviriblər. 

TodayPress xəbər verir ki, bu hal yaxınlıqda yaşayan sakinləri ciddi narahat edir.

Çəkiliş apardığımız zamanı bir qrup narkotik aludəçisinin adı çəkilən yerdə toplaşdığını müşahidə etdik. Bizi görən kimi ərazidən qaçmağa başladılar. Buna baxmayaraq onlardan birini saxlayıb, müsahibə ala bildik. Adının açıqlanmasını istəməyən həmsöhbətimiz, bu bəladan xilas olmaq üçün, müalicə olunmasını istədi. 

Gündüz və axşam saatlarında əraziyə yığışan narkomanlar istifadə etdikləri şprisləri və digər vasitələri hara gəldi atıblar. Çəkiliş zamanı rastlaşdığımız mənzərə belə deməyə əsas verdi. Narkotik istifadəçiləri ərazini demək olar ki, zibil poliqonuna çeviriliblər. Köhnə əşyalar, müxtəlif geyimlər, qida qalıqları və s. ətrafa səpələnib. Bunu fürsət bilən narkomanlar, buranı özləri üçün məskən seçiblər. 

Məsələ ilə bağlı DİN-ə sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirdi ki, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün adıçəkilən ünvanlarda polis naryadları tərəfindən fasiləsiz xidmət təşkil olunub. Elbrus İbrahimovun sözlərinə görə, qeyd edilən ünvanlarda da polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər mütəmadi olaraq aparılır.

Mövzu ilə bağlı hazırladığımız video reportajı rəsmi “Youtube” səhifəmizdən izləyə bilərsiniz. 

Günəş Mərd

tag: Narkoman, Yasamal Rayonu, Məskən, DİN,todaypress.az