"Tik-Tok" müəllimlərin reputasiyasını necə aşağı salır? – EKSPERT RƏYİ
Video
01.04.2025 14:31
"Tik-Tok"da trendə qoşulan müəllimlərə görə, hazırda təhsil verənlərin reputasiyası aşağı düşür".
Təhsil eksperti Elçin Əfəndi bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, sosial şəbəkə platformaları üzərindən müəllimlərin şagirdləri ilə birlikdə videolar çəkməsi və ya ümumi dərs prosesindən görüntülərin yayılmasını nəzərə alaraq Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin etik davranış qaydaları haqqında ümumi sənəd hazırlanıb. Bu da bütün təhsil müəssisələrinə göndərilib ki, təhsil verənlər həmin qaydalarla tanış olub, məlumatlansınlar. Lakin buna baxmayaraq, hələ də sosial platformalarda müəllimlərin şagirdləri ilə birlikdə trendlərə qoşulması hallarının şahidi oluruq.
"Həmin görüntülər auditoriyada, dərs zamanı çəkilirsə, bununla bağlı aidiyyatı qurumlar ölçü götürməlidir. Əgər dərsdən kənar bir fəaliyyət istiqamətinə daxildirsə, o zaman burada müəllimə qarşı inzibati qaydada hər hansısa qərarın qəbul olunması doğru olmaz. Sadəcə inzibati qaydada tədbir görülməlidir.
Ekspertin qənaətincə, müəllimlər öz nüfuzlarını qorumaq üçün çalışmalıdırlar. Digər bir tərəfdən, əgər yeni dünya düzəni ilə ayaqlaşmaq istəyirlərsə, bu zaman yaxşı olar ki, asudə vaxtlarında və ya tənəffüsdə maarifləndirici xarakterli işlər görüb, şagirdləri dərsdən kənar harasa ekskursiyaya, muzeylərə aparsınlar. Bu zaman müəyyən görüntülər çəkib, paylaşmaq digər müəllimlər üçün də faydalı nümunə olar.
"Müəllimlər ilk növbədə öz ictimai nüfuzunu, reputasiyasını düşünməlidir. Təəssüf ki, sosial şəbəkələrdə məşhurlaşmış və rəğbət bəslənən bir sıra müəllimin davamçıları özlərini büruzə verməyə başlayıblar. Onlar hər hansısa "Tik-Toker" və ya bloqerin yaratdığı trendlərə şagirdlərlə birgə qoşularaq eyni izlənməni almağa çalışırlar. Bəzi müəllimlər üçün hazırda həmin izlənmələr əsas hədəf kimi götürülüb. Daha sonra ictimaiyyət arasında niyə nüfuzumuz aşağı düşüb deyə narazılıqlarını bildirirlər. Belə halların yaşanmaması üçün gərək müəllimlər özləri bu amilləri nəzərə alaraq buna əsasən addım atsınlar".
Qeyd edək ki, son illərdə şagird və tələbələri ilə birlikdə sosial şəbəkələrdə trendlərə qoşulan müəllimlərin sayı artıb. Həmin videolar ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.
Bir qismi müəllimlərin maraqlı kontent yaradaraq şagirdləri dərsə həvəsləndirdiyini bildirsə də, çoxluq bu fikirlə razılaşmır.
Onlar müəllimlərin dərsdə ciddi rəftar etməli olduqlarını bildirir və sosial şəbəkə yolu ilə şagirdlərin fikrini yayındırdıqlarını iddia edirlər.
Töhfə Səməd
tag: Elçin Əfəndi,Ekspert,Təhsil,Məktəb,Tik-Tok,Azərbaycan,Todaypress.az