Tərəflər güzəştə getmir: Rusiya planlarını böyüdəcək – ŞƏRH
Video
19.04.2025 09:46
“ABŞ prezidenti Donald Tramp Ağ Evin 32-ci lideri Franklin Ruzveltin səhvini təkrarlayıb, Şərqi Avropanı Rusiyaya güzəştə gedə bilər”.
Politoloq Məhəmməd Əsədullazadə bunu TodayPress-ə danışarkən deyib.
O diqqətə çatdırıb ki, Rusiya Ukraynada 30 günlük atəşkəslə razılaşmır. İşğalı və hücumu genişləndirir.
“Rəsmi Moskva yalnız öz şərtləri əsasında atəşkəsə gedəcəyini qeyd edir. Bununla da Ukrayna və Şərqi Avropanı öz nüfuz dairəsinə daxil etməyi planlaşdırır. İkinci Dünya müharibəsində prezident olmuş Franklin Ruzveltin Şərqi Avropanı SSRİ-yə güzəştə getdiyi kimi, Rusiya lideri Vladimir Putin də Trampı eyni ssenari ilə güzəştə razı salmağa çalışır”.
Analitikin sözlərinə görə, Putinin əsas tələbi ABŞ qoşunlarının Şərqi Avropadan çıxarılması və NATO-nun regionu tərk etməsidir. “Yəni 1997-ci il sərhədləri yenidən çəkilməlidir. Bununla da Şərqi Avropa və Ukrayna Rusiyanın orbitinə daxil olacaq. Trampın Polşadan öz hərbiçilərini çıxarmaq planı məhz Kremlin təklifi ilə razılaşmasının nəticəsidir. Tramp İkinci Dünya müharibəsinin nəticələrinə uyğun olaraq indiki müharibədə Ruzveltin səhvini təkrarlasa, Rusiya fövqəl dövlət olacaq.
İkinci Dünya müharibəsini idarə etmiş Böyük Britaniyanın Baş naziri Vinston Çörçilin müharibənin qalibiyyətlə bitməsində böyük rolu olmuşdu. Amma Ruzvelt Çörçili dinləmədi və qələbəni SSRİ-nin rəhbərlərindən biri olmuş İosif Stalinin ayağına yazdı.
Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmeri dinləməməklə, Putinin Ukraynada həlledici qələbə əldə etməsinə şərait yarada bilər. Nəticədə Rusiya prezidenti təkcə Şərqi Avropanı deyil, Cənubi Qafqaz və Mərkəzi Asiyanı da öz təsir dairəsinə daxil etməyə çalışacaq”.
O bildirib ki, ABŞ və Rusiya arasında aparılan danışıqlar effektiv deyil. Ukrayna ilə bağlı ortaq məxrəcə gəlinməsi də gözlənilmir. Tərəflər o zaman razılaşa bilərlər ki, bir tərəf digərinə güzəştə getsin. Tramp Ukrayna və Şərqi Avropanı güzəştə getməyə hazırdır. Amma əvəzində isə Putin Trampa təklif vermir. Həmçinin Avropa ölkələrinin mövqeyi Trampın güzəştinə mane olur.
Töhfə Səməd