Televiziyalara işarət dili tələbi: Əməl etməyə hazırıq?- ARAŞDIRMA
Video
05.05.2025 17:08
Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əlavə edilən yeni – 12-1-ci maddədə əksini tapıb.
Tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli bu barədə TodayPress-ə danışarkən bildirib ki, bu praktika eşitmə məhdudiyyətli insanların ölkədə və dünyada baş verən hadisələrdən xəbərdar olmalarına şərait yaradacaq:
"Sovet dövründə və müstəqilliyin ilk illərində də bu təcrübə mövcud idi. Bu, yeni dövrün humanitar aksiyası və sosial davranışın bir nümunəsidir".
Professor qeyd edib ki, hazırda bu sahədə mütəxəssis sayı çox azdır və mövcud işarə dili tərcüməçiləri əsasən televiziya kanalları ilə əməkdaşlıq edirlər: "Son illərdə REAL TV, AzTV və İTV kimi televiziya kanallarının xəbər proqramlarında bu təcrübədən istifadə olunur. İctimai mahiyyət baxımından televiziya kanallarının bu missiyasını təqdir etmək lazımdır" deyə o əlavə edib.
İşarət dili müəllimi, pedaqoq Zəhra Zamanova isə TodayPress-ə bu sahə ilə bağlı problemlərdən danışıb.
Onun sözlərinə görə, işarə dili ilə bağlı əsas çətinliklərdən biri tədris materialların olmamasıdır.
“Olsa belə, ənənəvi üslubdadır. Buna görə də bu sahədə mütəxəssislərin yetişməsində çətinlik yaranır. Bunlarla yanaşı nitq qüsurlu insanlarla düzgün empatiya qurulmur. Hamıda o səbr, empatiya hissi yoxdur".
Eşitmə məhdudiyyətli Ramin Fətullayev TodayPress-ə bildirib ki, yeni qaydanın tətbiqi insanlar arasında bərabər imkanların yaranmasına kömək edəcək:
“Televiziya kanallarında verilişlərə baxanda başa düşmək çox çətin olur. İnformasiyanı almaq üçün kimdənsə kömək alıram. Bu cür yenilik bizim üçün rahatlıq yaradacaq”.
Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Azərbaycanın dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır.
Türkan İsgəndərli
tag: Qulu Məhərrəmli,Zəhra Zamanova,İşarət Dili,Televiziya,Todaypress.az