Təhsilin bitməyən “DƏRS YÜKÜ”: Problemin həll yolu AÇIQLANDI

Video

21.09.2024 14:34

Azərbaycanda orta məktəblərdə, xüsusilə də ibtidai siniflərin dərs yükünün ağır olması zamanla müzakirə olunan və həllini tapmayan problemlərdəndir. Dərs yükünün ağırlığından şikayətlənən məktəblilər bəzən valideynləri tərəfindən psixoloji basqıya da məruz qalırlar. 

Bəs mövcud problemi necə aradan qaldırmaq olar? 

Təhsil üzrə ekspert Elçin Süleymanlı mövzu ilə bağlı TodayPress-ə danışarkən bildirib ki, ibtidai siniflərdə şagirdlərin dərs yükünün çox olması birbaşa pedoqoqların pedoqoji qabiliyyəti ilə əlaqəlidir:  

“Bu məsələ ciddi şəkildə müzakirə olunmalıdır. Hazırda ibtidai siniflərdə təhsil alan şagirdlər 20-30 il bundan öncəkilərlə eyni deyil. O dövrdə televiziya imkanları məhdud idi, internet yox idi və şagirdlərin boş vaxtı çox olurdu. O vaxt ərzində tapşırıqlarını edib əlavə kitab da oxuyurdular. İndi texnologiya imkanlarının çox olması şagirdlərdə diqqət pozuntusuna, fikir dağınıqlığına səbəb olur. Bütün bunlar nəzərə alınaraq dövrə uyğun metodologiya tətbiq edilməlidir”. 

Ekspert hesab edir ki, ölkəmizdə bu problemin tezliklə həll edilməsi üçün təhsil ekspertləri, pedoqoqlar bu istiqamətdə düşünməli və təkliflər hazırlamalıdırlar. 

Qeyd edək ki, dərs yükünün ağırlığı zamanla şagirdlərin sağlamlığınada da mənfi təsir edir. Uşaqlar məktəbə hər gün həddindən çox kitab, dəftər apardıqları üçün onların onurğalarında problemlər yaranır. 

Yerigəlmişkən, dünyanın müxtəlif ölkələrində şagirdlərin dərs yükünün azaldılması istiqamətində müxtəlif metodlardan istifadə olunur. Ən  fərqli hesab edilən üsullardan biri Yaponiyaya məxsusdur. Bu ölkədə ibtidai sinif şagirdlərinə 3 il ərzində ağır fənlər tədris olunmur. Onlara  xarakter  və  şəxsiyyət kimi  formalaşma  dərsləri  keçirilir, təbiətə  və  heyvanlara  hörmət  etmək, yaxşı  insan  olmağın  vacibliyi  öyrədilir. 3-cü  sinifdən  sonra  isə  yapon  dili, riyaziyyat, sosial  məlumatlar, elm, əl işləri, bədən  tərbiyəsi  və  ev  iqtisadiyyatı  kimi  dərslər tədris olunur. 

Günəş Mərd


tag: Təhsil ,Elm, Dərs Yükü ,Valideyn, Pedaqoqlar, todaypress.az