Tehran Bakının arxasından İrəvanla iş çevirir? – ŞOK FAKTLAR AÇILDI

Video

31.03.2025 10:18

“Azərbaycan uzun müddətdir ki, Transxəzər boru kəməri ilə bağlı mövqeyini ortaya qoyub və heç vaxt bu məsələnin əleyhinə olmayıb”. 

Politoloq Tofiq Abbasov bunu İrəvan və Aşqabadın türkmən qazının İran üzərindən Ermənistana çatdırılması ilə bağlı danışıqlar aparmasını TodayPress-ə şərh edərkən bildirib.     

Onun sözlərinə görə, vaxtilə Türkmənistan Avropa bazarlarına çıxmaq üçün bu kəmərin inşasında maraqlı olub, Azərbaycan isə bu prosesə dözümlə yanaşıb: 

“Vaxtilə Aşqabadla Brüssel arasında rəsmi danışıqlar gedirdi, məsləhətləşmələr aparılırdı. Sonradan tərəflər qruplar təyin etdilər ki, bu məsələ üzrə danışıqları davam etdirsinlər və türkmən qazının Avropaya çatdırılması üçün aydın perspektiv cızılsın. Amma heç nə alınmadı. Azərbaycan isə bildirdi ki, biz prinsip etibarilə buna qarşı deyilik. Əgər Türkmənistan və Avropa İttifaqı razılaşa biləcəksə, biz də bu prosesə öz töhfəmizi verməyə hazırıq. İndi bu ölkə faktiki olaraq özü özünü təcrid edir. “Biz neytralıq” deyə bütün proseslərdə qeyri-müəyyən mövqe tutmaq, təşəbbüslərə yox demək, qonşuluq siyasətində astagəllik göstərmək rəsmi Aşqabada baş ucalığı gətirmir. Türkmənistanın sabiq prezidenti Saparmurat Niyazovun dövründən bəri Aşqabadın yanaşmaları, mövqeyi son dərəcə məntiqdən uzaqdır. Əgər inteqrasiyadan söhbət gedirsə, Mərkəzi Asiyadakı digər ölkələr bir yana, Avropa istiqamətində Türkmənistana ən yaxın qonşu Azərbaycandır”. 

Politoloq Azərbaycanla Türkmənistan arasında mədəni və etnik yaxınlıqdan da söz açıb: 

“Soy kökümüz eyni, dillərimiz oxşardır. Türkmənistanın Azərbaycanla bu qədər soyuq davranması nə ağla, nə də məntiqə sığır. Azərbaycan bu ölkəyə Xəzər yataqlarının birgə işlənməsi ilə bağlı təşəbbüslə çıxış etdi. Əvvəl razılaşdılar, sonra isə bu təşəbbüsə də soyuq yanaşdılar. Bu soyuqluğun səbəbləri Azərbaycana bəlli deyil. Türkmənistan Azərbaycanın haqqını poza bilməz. Çünki Azərbaycanın türkmən xalqının neft və qaz sənayesində çox böyük rolu olub. Sovet dövründə bu sahədə çalışan azərbaycanlılar – mühəndislər, texnoloqlar, Sosialist Əmək Qəhrəmanları türkmən industriyasının formalaşmasında mühüm rol oynayıblar. Hətta Aşqabadın memarlığında, şəhərsalmasında da azərbaycanlıların əməyi var. 1980–1990-cı illərdə Aşqabadın baş memarı belə azərbaycanlı olub”.   

Analitik Azərbaycanın iştirakı olmadan regionda heç bir ciddi layihənin həyata keçirilə bilməyəcəyini vurğulayıb: 

“Əgər İranla danışıqlar aparırlarsa, buyursunlar. Amma inanmıram ki, böyük həcmli qaz tranziti təkcə İran üzərindən həyata keçirilə bilər. Mərkəzi Asiyada tək Türkmənistan yox, Qazaxıstan və Özbəkistanda da böyük qaz ehtiyatları var. Bu qədər strateji resursun Qərbə nəqli tək İranın üzərinə düşə bilməz. Transxəzər boru kəməri gec-tez inşa edilməlidir. Əgər Türkmənistan sağlam qonşuluq münasibəti sərgiləmək istəmirsə, bu, onların seçimidir. Biz bu prosesə qarşı çıxa bilmərik. İki suveren dövlət olaraq danışa bilərlər. Amma Azərbaycanın rolunu inkar etmək praqmatizmə qarşı çıxmaq deməkdir. Əvvəl-axır onlar Azərbaycan qapısını döyməli olacaqlar.” 

T. Abbasov əlavə edib ki, İranla münasibətlərdə müəyyən geosiyasi ziddiyyətlər olsa da, iqtisadi sahədə Bakı-Tehran əlaqələri hər zaman həmahəng olub: 

“İranla aramızda geosiyasi anlaşılmazlıqlar mövcuddur, amma geoiqtisadi baxımdan Tehran Azərbaycanı dəyərləndirir. Bir çox məsələdə ortaq mövqe sərgiləyirik. Ona görə də bu məsələdə İranla Türkmənistanın dialoqu bizim üçün təhdid deyil. Unutmaq lazım deyil ki, Azərbaycan bu proseslərdə fəal və öncül mövqe tutur. Dünyanın aparıcı transmilli enerji şirkətləri Azərbaycanın rolunu tanıyır və onun sözünü eşidir”. 

Qeyd edək ki, İrəvan və Aşqabad türkmən qazının İran üzərindən Ermənistana çatdırılması ilə bağlı danışıqlar aparır. Rəsmi açıqlamalara görə, tranzit məsələsi İranla razılaşdırılıb, qiymətlə bağlı razılıq isə hələ əldə olunmayıb. 

Qiymət Mahir

tag: Tofiq Abbasov,Politoloq,Azərbaycan,Ermənistan,Türkmənistan,Todaypress.az