Təcili tibbi yardım xidməti ödənişli olacaq? - RƏSMİ AÇIQLAMA

Video

18.10.2024 09:50

“Bu ilin 9 ayında təkcə Bakı üzrə xidmətə 2000-2500 çağırış daxil olub. Bununla yanaşı xidmətə 39 min 548 əsassız çağırış daxil olub”. 

TodayPress xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Bakı Biznes Mərkəzində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə səsləndirib.

Ambulansların çağırış ünvanlarına gec çatması məsələsinə toxunan V.Qurbanov diqqətə çatdırıb ki, hazırda umumilikdə Respublika üzrə təcili tibbi yardım avtomoblərinin sayı 1000-ə yaxındır. O, bildirib ki, müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilinin satın alınması məqsədilə dövlət satınalmalarına başlanılıb. Bunlardan 5-i tam elektrikli avtomobildir. COP29 müddətində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin fəaliyyət istiqamətlərindən söz açan TƏBİB-in İcraçı direktoru vurğulayıb ki, həmin dövrdə 40-a yaxın təcili tibbi yardım briqadasının fəaliyyət göstərməsi nəzərdə tutulub.  

İcraçı direktorun müşaviri Elşad Məmmədli brifinqdə hazırda ölkə üzrə 200 təcili tibbi yardım avtomobilinin müasir tələblərə cavab vermədiyini deyib. O, qeyd edib ki, müasir standartlara cavab verməyən ambulanslar əsasən Rusiya və sovet istehsalıdır. Zamanla həmin nəqliyyat vasitələri istifadədən çıxarılaraq yeniləri ilə əvəz olunacaq. Müşavirin sözlərinə görə, ambulanslarda dərman və tibbi sərf təminatının qəbul olunacaq standartlara cavab verməsi və bunun davamlı olması üçün yeni hazırlanan standartlar tətbiq ediləcək.

"Rəqəmsal Tibbi Həllər" MMC-nin Proseslərin idarəedilməsi və xidmət keyfiyyətinə nəzarət şöbəsinin rəhbəri Vüqar Ramazanov isə gələcəkdə e-tebib mobil tətbiqi vasitəsilə təcili yardım çağırmaq mümkün olacağını deyib. O, qeyd edib ki, mobil tətbiqdə görüntü və səs göndərilməsi funksiyasının olması planlaşdırılır. Şöbə müdiri həmçinin əlavə edib ki, hazırda çağırış briqadalarının iş prosesini tam şəkildə avtomatlaşdıracaq elektron sistemin test versiyanın pilot rejimdə tətbiq edilməsi nəzərdə tutulub.  

Qeyd edək ki, brifinqdə eyni zamanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin işini əks etdirən videoçarx nümayiş olunub.  

Günəş Mərd

tag: Təcili Yardım, Ödəniş, COP29, todaypress.az