TƏCİLİ! Ermənistan sürətlə silahlandırılır: “Hərbi gərginlik gözlənilir”

Video

25.09.2024 09:51

“44 günlük İkinci Qarabağ savaşından sonra kapitulyasiya aktına imza atan Ermənistan hazırda Qərbdəki yeni himayədarlarının vasitəsilə sülh prosesindən yayınmağa çalışır”. 

Politoloq Oqtay Qasımov bunu TodayPress-ə danışarkən bildirib. 

Onun sözlərinə görə, Amerika, Fransa, Hindistan, İran və digər ölkələrin silahlandırdığı Ermənistan hazırda sülh prosesindən yayınaraq hərbi balansı bərpa etməyə səy göstərir: 

“Ermənistan Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı irəli sürdüyü şərtləri yerinə yetirməkdən imtina edir. Faktiki olaraq konstitusiya dəyişikliyi və Minsk qrupunun buraxılması ilə bağlı təklifləri arxa plana atmaqla Azərbaycana qarşı ərazi iddialarını bundan sonra da davam etdirmək niyyətində olduğunu bəyan edir”. 

Analitik hesab edir ki, Ermənistanın sürətlə silahlandırılması gələcəkdə növbəti hərbi gərginliyə səbəb ola bilər: 

“Azərbaycan bütün bunları izləyir, ehtiyac və tələbat yaranacağı halda təbii ki, preventiv tədbirlər görməklə özünü gözləyən təhlükələri aradan qaldıracaq”.

Qeyd edək ki, Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında diqqət çəkdiyi məqamlardan biri də Ermənistanın silahlandırılması olub. O, diqqətə çatdırıb ki, biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribatı gözləmək olar. Qarşı tərəf kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir.

Günəş Mərd

tag: Ermənistan, Hərbi ,Silahlar ,Qərb ,todaypress.az