“Təbiətə qarşı "barbar" yanaşmamız nə zaman dəyişiləcək?” – Ekoloq üsyan etdi
Video
01.09.2024 13:39
“Sosial şəbəkələrdə yayılan Kəlbəcər ərazisində dağ keçilərinin başları kəsilərək yola atılması görüntüləri vətəndaş cəmiyyəti fəallarında, bütövlükdə ölkə ictimaiyyətində böyük təəssüf hissi yaradıb. Bu, artıq işğaldan azad edilmiş bölgələrdə baş verən natəmizlik halları ilə bağlı neçənci görüntüdür”.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bu sözləri son günlər sosial şəbəkələrdə yayılan görüntüləri TodayPress-ə şərh edərkən deyib.
O, bu vəziyyətdən təəssüfləndiyini bildirib:
“Çox təəssüf ki, ölkəmizin digər səfalı guşələrində rast gəlinən natəmizliyə, antisanitariyaya Qarabağ və Şərqi Zəngəzurda da rast gəlinir. Ətraf mühitə, bioloji müxtəlifliyə biganə münasibət ürək ağrıdır”.
Ekoloqun sözlərinə görə, bir müddət əvvəl Qarabağda vəhşi heyvanların minaya düşüb şikəst olduğunu əks etdirən videolar da yayılmışdı:
“30 il torpaqlarımızı, təbii sərvətlərimizi talan edib, meşələrimizi qırıblar. Qovulandan sonra da miras qoyduqları gizli düşmən insanlarımızı, Allahın dilsiz qulu olan heyvanları öldürür, şikəst edir. Təəssüflər olsun ki, ötən gün dağ keçiləri ilə bağlı şahidi olduğumuz mənzərə ermənilərin xainliyindən o qədər də fərqlənmir”.
Sonda Elman Cəfərli öz təklifini də irəli sürüb:
“Təbiətə qarşı bu barbar yanaşma nə zaman dəyişiləcək? Hesab edirəm ki, ictimai şüurun təkamülünü gözləmək olmaz. Qanunlar, cəzalar sərtləşdirilməlidir. Başqa yolla biz biomüxtəlifliyi, təbii resurslarımızı qoruya bilməyəcəyik”.
Töhfə Səməd
tag: Təbiət, Zorakılıq, Heyvanlar ,Qanunlar,Elman Cəfərli, todaypress.az