Taksi sürücüləri şirkətlərdən narazıdır: Problemdən çıxış yolu nədir?

Video

21.10.2024 15:18

Bildiyimiz kimi, bir müddət öncə ölkədə minimal taksi qiymətləri qalxdı. Sürücülər isə bu prosesdən hələ də narazıdırlar. Onlar iddia edirlər ki, əvvəl qazaclarının 10,12 faizini şirkətə ödəyirdilərsə, hazırda 22-24 faizini ödəməli olurlar.   

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev bu barədə TodayPress-ə danışarkən bildirib ki, taksi sürücüləri mövcud durumdan narazı olsalar da, indi əvvəlkindən daha çox qazanırlar:  

“Sürücülər qazanclarını artırmaq istəyirlərsə, elekterikli avtomobil almağa üstünlük verməlidirlər. Çünki taksilərdə ən çox xərc yanacağa sərf olunur. Elektrikli avtomobildə isə yanacağa 90 faizdək qənaət olunur. Onlar əgər buna əməl etsələr, həm çox pul qazanarlar, həm də ekoloji şəhər mühitini yaradaraq atmosferə daha çox xeyir vermiş olarlar” Mustafayev bildirib.   

Ekspertin sözlərinə görə, bacardıqca paytaxtda taksi sayının artmasına imkan verməmək lazımdır. Əks halda yenə taksilərin işini optimallaşdırsaq, daha çox vəsait əldə etmələri üçün insanları daha çox taksidən istifadə etməyə yönəltsək, bu bizim ağır vəziyyətdə olan nəqliyyat sistemimizin halını daha da ağırlaşdıracaq.  

Nəqliyyat eksperti Eldar Bəşirov isə TodayPress-ə açıqlamasında qeyd edib ki, bazar iqtisadiyyatında şirkətlər daha çox boşluqlardan istifadə edərək mənfəət əldə edirlər:

“Bazar iqtisadiyyatında rəqabət nə qədər çox olsa, mənfəət də çox olacaq. Sürücülərin narazılığı başa düşüləndir, amma nəzərə alaq ki, müştərilər sifarişə görə onlara əlavə bəxşişlər də verirlər. Məsələn, gediş haqqı 3 manat 50 qəpik qeyd olunursa, müştəri birbaşa 4 manat ödəyir. Bu özü də əlavə qazancdır. Taksi sürücülərinin qazancı olmasa, işləməzlər” Bəşirov deyib. 

Ekspert hesab edir ki, rəqabət çoxalsa, taksi sürücülərinin qazancı daha da artacaq.    

Günəş Mərd

tag: Taksi, Sürücülər, Şirkətlər, Problem, todaypress.az