Suriyadan İrana xəbərdarlıq: Yaxın Şərqdə vəziyyət yenidən gərginləşir? - Şərh

Video

28.12.2024 17:10

“Bəşər Əsəd hakimiyyəti dövründə İran Suriyanın ən güclü müttəfiqi olub və Əsədi sona qədər xilas etməyə çalışıb. İndi isə “Təhrir əş-Şam” ilə İrandakı mövcud hökumət arasında gərginlik hökm sürür”. 

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress-ə danışarkən bildirib.  

Onun sözlərinə görə, İran hazırda birbaşa Suriyanın daxili işlərinə qarışır: 

“Bir müddətə əvvəl İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei hökuməti açıqlama verərək, suriyalı gəncləri üsyana çağırmışdı. Bu faktiki olaraq, rəsmi Tehranın Suriyanın daxil işlərinə müdaxiləsi kimi qiymətləndirilir. Əgər İran bu cür davam edərsə, biz Yaxın Şərqdə Suriya və İran arasındakı toqquşmaların şahidi ola bilərik”. 

Analitikin fikrincə, Rusiya bu məsələdə daha proqmatik davranır. O Əsəd rejimini müdafiə edən, ona sığınacaq verən bir ölkədir. Lakin buna rəğmən Kreml yeni hökumətlə dialoqa başlamağa, ümumi razılığa gəlməyə çalışır. 

Amma Rusiyadan fərqli olaraq Tehranın sərgilədiyi mövqedə ziddiyyətlər kifayət qədər çoxdur. Zeynal Əmrəliyev hesab edir ki, İran höküməti Suriya ilə bağlı məsələdə ehtiyatlı davranmalıdır:

“İsrailin keçirdiyi əməliyyət nəticəsində “Hizbullah” və HƏMAS-a çox böyük zərbələr dəyib və eyni zamanda Suriyadakı Əsəd rejiminin devrilməsi İranın itkilərinin sayını çoxaldıb. İran bundan sonra heç olmasa, öz mövqelərini qoruyub saxlamaq üçün Suriyanın yeni hökuməti ilə bəzi məsələlərdə razılığa gəlməyə çalışmalıdır. İranın hazırda Suriya ilə bağlı sərgilədiyi mövqe təbii ki, qeyri-adekvatdır və bu, gələcəkdə Suriya və İran arasında ciddi toxuşmalara gətirib çıxara bilər”.  

Qeyd edək ki, Suriyanın XİN başçısı Əsəd Həsən əl-Şibani “X” hesabında İrana xəbərdarlıq edib. Xəbərdalıq mesajında bildirilib ki, İran Suriyanın daxili işlərinə qarışmamalıdır. Tehran administrasiyası xaos yaymağa çalışsa, baş verəcəklərə görə məsuliyyət daşıyacaq. İran Suriya xalqının iradəsinə və Suriyanın təhlükəsizliyinə hörmət etməlidir.  

Günəş Mərd

tag: Suriya ,İran ,Bəşər Əsəd, Tehran ,Zeynal Əmrəliyev ,todaypress.az