Suriyada Kürd yoxsa Türkmən dövləti qurulacaq? - Qərbin gizli planına Türkiyənin cavab həmləsi

Video

13.12.2024 10:10

“Suriya lideri Bəşər Əsədin hakmiyyətdən devrilməsindən sonra PKK/YPG-PYD terror qruplaşmalarının xüsusi fəallığı diqqət cəlb edir”. 

Politoloq Zeynal Əmrəliyev bunu TodayPress-ə danışarkən bildirib.  

Onun sözlərinə görə, son dövrlər Bəşər Əsədin ordusu ilə PKK/YPG-PYD arasında Türkiyə əleyhinə ittifaq güclənib:  

“Bəşər Əsəd hakimiyyətdən devrilərkən bir çox əraziləri məhz PKK/YPG-PYD-yə verib. Burada İsrailin canfəşanlığının şahidi oluruq. Belə ki, İsrail və ABŞ bölgədə bir kürd dövlətinin qurulmasını istəyir və bundan da Türkiyəyə qarşı təzyiq metodu kimi istifadə etmək niyyətindədir. Ancaq Ankara buna imkan verməməlidir. Çünki zamanında, 20 il əvvəl İraqda da eyni proses həyata keçirilmişdi. O vaxt Türkiyəyə qarşı müxtəlif təzyiq metodlarından istifadə olunurdu. Nəzərə alaq ki, həmin bölgə də türkmənlərin yaşadığı bir bölgədir. Türkmənlərin hüquqlarının müdafiəsi də önəmli bir məsələdir və Türkiyənin də prioritet istiqamətlərindəndir”. 

Analitik diqqətə çatdırıb ki, İsrail Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra öz sərhəd təhlükəsizliyini bahənə edərək Suriyada əməliyyat keçirib və artıq öz sərhədlərinin ətrafından kənara çıxıb. Demək olar ki, Dəməşqin 10-20 kilometr məsafəsində dayanıb. Bu isə həm də kürd qruplarının mənfəətini qorumaq üçün atılmış bir addımdır: 

“Şübhəsiz ki, İsrail bundan sonra PKK/YPG-PYD-yə yenidən dəstək verməyə çalışacaq. İsrail və Türkiyənin maraqları burada toqquşur. Həmçinin, ABŞ-də yeni hakmiyyətə gələn Donald Trampın komandası da bu məsələdə Suriyanı müdafiə edir. Hətta Türkiyəyə qarşı lazım gələrsə, ağır sanksiya siyasətinə də əl atacaqlarını bildirirlər. Ancaq Suriya hələki öz Azad Suriya Ordusu (ASO) vasitəsilə PKK/YPG-PYD-yə qarşı əməliyyatlar keçirir. Lazım gələrsə, Türkiyə Suriya ərazisində bu qruplara qarşı açıq əməliyyata başlaya bilər. Rəsmi Ankara heç vaxt Suriyada bir kürd dövlətinin qurulmasına icazə verməyəcək. Çünki bu Türkiyənin özünə ziyandır”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ən qısa zamanda Suriyada İŞİD və PKK/PYD kimi terror təşkilatlarının məhv ediləcəyini bildirib. O, bəyan edib ki, Rəsmi Ankara Suriya ərazisinin yenidən bölünməsinə biganə qalmayacaq.

Günəş Mərd

tag: Suriya ,Bəşər Əsəd,Prezident, Ankara, todaypress.az