Sülh üçün "3+3"?: “İran sülh və sabitlik mesajları versə də…” – ŞƏRH

Video

05.04.2025 14:59

“Azərbaycanın irəli sürdüyü “3+3” formatının region üçün ən uğurlu format ola biləcəyi şübhəsizdir”. 

Politoloq Azər Qasımov bunu TodayPress-ə açıqlamasında deyib. 

O, İranın prosesə münasibətindəki ziddiyyətli məqamlara diqqət çəkib:   

İranın bu təklifi dəstəkləmək bəyanatı təqdirəlayiq olsa da, regional kommunikasiyaların açılması durumunda verdiyi bəyanata heç də uyğun olmayan reaksiyası təəssüfləndirici haldır. Hər halda Tehranın Zəngəzur dəhlizinin açılması məsələsinə göstərdiyi reaksiyalar Azərbaycan tərəfindən xoş qarşılanmır”. 

Ekspert hesab edir ki, İranın mövqeyi Ermənistanın öhdəliklərini yerinə yetirməsinə də birbaşa təsir edir: 

“Ermənistanın üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi məhz İranın ona verdiyi dəstək səbəbindən ləngiyir. Rəsmi İrəvan “3+3” formatının həyata keçirilməsi üçün açar rol oynadığını yaxşı başa düşür. Ermənistanın Azərbaycanın şərtləri ilə Zəngəzur dəhlizinin açılmasına razı olması bu formatın əsas mahiyyətini təşkil edir”.       

A. Qasımov diqqətə çatdırıb ki, Ermənistanın bu formata maraqlı görünməsi sülh razılaşması ilə bağlı bəyanatlarda da öz əksini tapır:     

“Əslində, Ermənistan sülh müqaviləsi şərtlərinin razılaşdırılmasını bəyan etməklə bu formatda maraqlı olduğunu göstərir. Sadəcə Azərbaycan və Ermənistan arasında olan etimad mühitinin hələlik formalaşmaması buna əngəl olur. Hesab edirəm ki, Ermənistan üzərinə düşən vəzifənin məsuliyyətini anlayır. Regionun sabitliyinin də daha çox ondan asılı olduğunu bilir. Odur ki, region ölkələri bu məsələdə ciddi addımlar atmalıdırlar”.   

Politoloq bildirib ki, İran sülh və sabitlik mesajları versə də, bu, real addımlarda özünü göstərmir:  “İran regionda sabitlikdə maraqlı görünür. Amma bunu, xüsusən də indiki gərgin durumunda əməlləri ilə göstərməlidir”. 

Qeyd edək ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani İrəvan seminar bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün "3+3" regional formatından istifadə edilə bilər.

Səfir hesab edir ki, “3+3" yaxşı regional formatdır və ondan istifadə edərək sülh sazişinə doğru irəliləmək olar. 

Qiymət Mahir

tag: Azərbaycan,3+3,Format,Region, İran,todaypress.az